Baş ofisi Almaniyada yerləşən qlobal logistika təchizatçısı “Rhenus Group” şirkəti Azərbaycanda keçiriləcək COP29-un rəsmi logistika üzrə tərəfdaşı olacaq.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindən verilən məlumatda bildirilib ki, bu, “Rhenus Group” şirkətinin dayanıqlı təcrübə və qlobal iqlim məqsədləri ilə bağlı əzmkarlığını nümayiş etdirir.
Logistika sahəsində dünya üzrə aparıcı şirkətlərdən biri olan “Rhenus Group” şirkəti bütün təchizat proseslərinin, yəni malların müxtəlif nəqliyyat növləri ilə qitələrarası daşınması, gömrük rəsmiləşdirilməsi, eləcə də anbar və təyinat məntəqələrinə çatdırılması üzrə əməliyyatların maneəsiz, prosedurların isə effektiv olmasını təmin etmək üçün öz təcrübəsi və qlobal şəbəkəsi ilə yanaşı, yerli tərəfdaşlıqlardan da istifadə edəcək.
Genişmiqyaslı tədbirlərin logistika məsələlərinin idarə edilməsi üzrə zəngin təcrübəyə malik “Rhenus Group” təchizat əməliyyatlarının problemsiz olmasını gerçəkləşdirəcək, iştirakçıların logistika ehtiyaclarını əvvəldən axıra kimi qarşılamaq üçün şirkətin əməliyyatları yerində xidmət göstərən mütəxəssislər qrupu tərəfindən dəstəklənəcək.
Yaradılan bu imkandan istifadə etməklə COP29-un tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər.