Bakı qlobal iqlim savaşının baş qərargahıdır

post-img

COP29-a evsahibliyi etmək məsuliyyətini üzərinə götürən Azərbaycan Respublikası ilk günlərdən etibarən qlobal iqlim dəyişiklikləri, onun mənfi təzahürlərinin aradan qaldırılması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla sıx təmaslar qurub, bütün tərəflərin və həmfikir qrupların, eləcə də müşahidəçi qismində çıxış edən digər maraqlı qurumların fikir və rəyləri diqqətdə saxlayıb. 

COP29-un müəyyən olunmuş prezi­denti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məh­kəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusunda keçirilən beynəlxalq konfransda bu barədə ətraflı məlumat verərək iqlim maliyyəsinin COP29-un əsas mövzusu və prioriteti kimi müəy­yənləşdirildiyini bildirib. O, COP29 Səd­rliyinin 14 əsas təşəbbüs irəli sürdüyünü, qarşıya qoyulan məqsədin isə təkcə milli deyil, həm də qlobal səviyyədə yeni ya­naşmalar və innovativ həll yolları təklif etmək olduğunu vurğulayıb. Muxtar Baba­yev Azərbaycanın bu təşəbbüslərlə qlobal səviyyədə “yaşıl” iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyini davam etdirə­cəyini, ölkəmizin bu tədbirlərlə beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirəcəyinə əminliyini diqqətə çatdırıb. 

Yeri gəlmişkən, COP29-un müəyyən olunmuş prezidenti bir qədər əvvəl Tərəf­lərə və Həmfikir Qruplara ünvanladığı məktubunda da bu sahədə həyata keçirilən hazırlıq işləri və çoxsaylı görüşlərlə yana­şı, qarşıdakı aylarda reallaşdırılması nəzər­də tutulan tədbirlərlə bağlı geniş və əhatəli məlumat verib.

Məlum olduğu kimi, dünya ölkələ­rinin, iqlim sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarının COP29-dan gözləntiləri olduqca yüksək­dir. Bakı konfransında həllinin tapacağına ümid bəslənilən məslələrdən biri də iqlim maliyyələşdirilməsi ilə bağlıdır. Təsadü­fi deyil ki, bu mühüm məqam COP29-un müəyyən olunmuş prezidenti Muxtar Ba­bayevin yuxarıda adıçəkilən məktubunda da öz əksini tapıb. Burada Paris Sazişinin bütün istiqamətlərində, xüsusilə də iq­lim maliyyəsi sahəsində COP29-da birgə irəliləyişin əldə edilməsi üçün güclü ça­ğırışların olduğunu vurğulayan Azərbay­canın ekologiya və təbii sərvətlər naziri iqlim dəyişmələrinin fundamental insan hüquqlarının təminatına da ciddi təhlükə yaratdığını xatırladır, həmçinin sessiyanın dövlətlər və beynəlxalq təsisatlarla yanaşı, iqlim dəyişmələri danışıqlarında maraqlı olan digər tərəflər – ekoaktivistlər, uşaq və gənclər, əlilliyi olan şəxslər, eləcə də digər həssas qruplar üçün də əhəmiyyətli platfor­ma olacağını qeyd edib. “Heç kimin kənar­da qalmaması və bütün maraqlı tərəflərin COP prosesində iştirak hüququnun təmin edilməsi prioritet məsələlərdəndir. Bunun əhəmiyyəti nəzərə alınaraq ictimai işti­rakçılıq barədə müddəa COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə imzalanmış “Ev sahibi ölkə sazişi”ndə də öz əksini ta­pıb”, – M.Babayev qeyd edib.

Ekspertlər bildirirlər ki, Azərbayca­nın COP29-a sədrliyi dövründə iqlim də­yişikliyi ilə mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki qlobal iqlim böhranına qarşı mübarizədə hüquqi alətlərin gücləndiril­məsi və beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsi ölkəmizdə yeni iqlim strategiyasının hazırlanması istiqamətin­də işləri sürətləndirir. Azərbaycanın iqlim strategiyası həm qlobal öhdəliklərə uyğun­laşmanı, həm də milli prioritetlərin icrasını özündə birləşdirir. Yeni strategiyada bütün iqtisadi sektorların əhatə olunacağı, aşağı karbonlu inkişafı hədəfləyəcəyi gözlənilir. 

Mütəxəssislərin fikrincə, bu gün qarşı­da həllini gözləyən ən böyük çağırışlardan biri iqlim dəyişikliyinə uyğunlaşmaq üçün potensialın artırılmasıdır. Xüsusilə təmiz texnologiya və beynəlxalq iqlim maliyyə­si sistemlərinə çıxışın məhdudluğu yerli səviyyədə yeni layihələrin gerçəkləşdiril­məsinə çətinlik yaradır. Bununla bərabər, Azərbaycanın milli iqlim qanunvericiliyi bəzi sahələrdə beynəlxalq standartlara uy­ğunlaşdırılmalı, iqlim dəyişikliyi ilə müba­rizənin daha təsirli olması üçün əlavə is­lahatlar keçirilməlidir. Qanunvericilikdə iqlim dəyişikliyinə qarşı daha aydın və konkret mexanizmləri tətbiq etməklə həm qlobal iqlim öhdəliklərimizin icrasında, həm də iqlim hüquqpozmalarının qarşısı­nın alınmasında daha güclü hüquqi əsaslar yaradılmalıdır. 

Bütün bu qeyd edilənlərin gerçəkləş­dirilməsi isə ölkəmizdə iqlim dəyişmələri ilə mübarizənin uğurunu şərtləndirir, kənd təsərrüfatı, su ehtiyatları, meşə, biomüxtə­liflik, səhiyyə və turizm sahələrinin inki­şafını sürətləndirir, Xəzər dənizinin səviy­yəsinin ciddi şəkildə azalmasının qarşısını alır. Bir sözlə, Azərbaycanın milli iqlim qanunvericiliyinin müəyyən sektorlarda beynəlxalq standartlara uyğunlaşdırılması, bununla bağlı əlavə islahatlar keçirilməsi antropogen və texnogen təsirləri zəiflədir. 

COP29-un müəyyən olunmuş prezi­denti Muxtar Babayevin sözlərinə görə, iqlim dəyişmələrinin təsiri gücləndikcə qanunvericiliyin rolu da artır. Hüquq sis­temləri yalnız emissiyaların azaldılmasını təmin etməklə kifayətlənməməli, iqlim də­yişmələrinin təsirlərindən ən çox əziyyət çəkən icmaların hüquqlarının qorunmasına yönəldilməlidir. Hüquq sistemləri iqlim dəyişmələri üzrə qlobal sazişlərin icrasını gerçəkləşdirməli, iqlim ədalətini həyata keçirməli, ən əsası iqlimə həssas olanların hüquqlarını qorumalıdır. Bu vəzifələr təkcə milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılmalı­dır. Beynəlxalq hüquq iqlim dəyişmələri ilə mübarizədə ən güclü vasitələrdəndir. Bir çox ölkə məhkəmələrində iqlim dəyi­şikliyi ilə bağlı məsələlərə baxılır və qərar­lar çıxarılır.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

СОР əsas beynəlxalq ekoloji saziş­lərdən biri olan BMT-nin İqlim Dəyiş­mələri üzrə Çərçivə Konvensiyasının və Paris İqlim Sazişinin həyata keçirilməsi üzrə danışıq prosesinin ali orqanıdır. Bu gün СОР həm də ona görə mühüm önəm daşıyır ki, dövlət başçıları, nazirlər, digər dövlət xadimləri, eləcə də biznes, vətən­daş cəmiyyəti, akademiya, media və gənclər daxil olmaqla iqlim gündəliyinin geniş aktorlar dairəsini bir araya gətirir. İqlim probleminin həlli məqsədilə məhz belə sahələrarası yanaşmaya ciddi zə­rurət duyulur. 

COP29 iqlim böhranından əziyyət çəkən cəmiyyətlər üçün yüksək dəyər­ləndirilir. Azərbaycanda keçiriləcək bu nüfuzlu tədbir artıq haqlı olaraq “ma­liyyə müşavirəsi” də adlandırılır, çünki məhz cari ilin noyabr ayında iqlim ma­liyyələşdirilməsi sahəsində yeni kollek­tiv razılaşdırılma gözlənilir.

İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsində yeni hədəf isə inkişaf etmiş dövlətlər tərəfindən aşağı gəlirli ölkələr üçün nəzərdə tutulan ma­liyyə öhdəliyinin gerçəkləşdirilməsidir. Bu məsələdə problem ondan ibarətdir ki, 2009-cu ildə vəd edilən bütün vəsait ayrılmamışdı, bu da iqlim dəyişikliyi ilə mübarizənin ciddi şəkildə ləngiməsinə gətirib çıxardı. Ancaq iqlim böhranın­dan əziyyət çəkən cəmiyyətlərdə inkişaf etmiş ölkələrin maliyyələşmə ilə bağlı verdikləri vəd və öhdəliklərin COP29-da tam həcmdə yerinə yetiriləcəyinə böyük ümid bəslənilir. 

İqlim dəyişikliyindən danışarkən, bir məqama da toxunmaq istərdim. Bu da sözügedən sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barə­də məlumatlılığın artırılmasından ibarət­dir. Ümumiyyətlə, iqlim dəyişikliyi tək­cə ekoloji, sosial-iqtisadi məsələ deyil, həm də hüquqi məsələdir. Çünki iqlim dəyişikliyi prosesi insan hüquqlarının pozulması, məhkəmə çəkişmələrinin ya­ranması, məsuliyyət tədbirlərinin tətbiqi və məhkəmə təcrübəsinin formalaşması­na da səbəb olur. Baş verən iqlim dəyi­şikliyi, əsasən, insan davranışlarının və fəaliyyətinin nəticəsidir. Bu səbəbdən də hüquq təkcə iqlim dəyişikliklərinin fə­sadlarına məruz qalan deyil, eyni zaman­da onu tənzimləyən və bu proseslərdə preventiv xarakter daşıyan bir vasitədir. 

Beləliklə, hüquq ekosistemi iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oyna­malıdır. Çünki iqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Həmin problem təkcə ətraf mühi­tin və təbiət resurslarının qorunması ilə bağlı deyil, həm də insan hüquqları, iqti­sadiyyat və sosial ədalət məsələlərini də əhatə edir. İqlim dəyişikliyi nəticəsində baş verən təbii fəlakətlər, əkin sahələri­nin azalması, su qıtlığı və digər problem­lər bir çox ölkələrdə insan hüquqlarının pozulmasına səbəb olur. Bu mənada, hüququn iqlim dəyişikliyinə qarşı müba­rizədə rolu əvəzolunmazdır.



Ekologiya