Avstriya İtki və Zərər Fonduna ödənişi artırır

post-img

Avstriyanın inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşdirməsinin mühüm sütunu olan İqlim Dəyişikliyi üzrə İtki və Zərər Fonduna töhfəsi 15 milyon avro artırılacaq.

Bu ölkənin  “Die Presse” qəzetinin məlumatına əsasən, neft və qazla zəngin Azərbaycanın paytaxtı Bakıda keçiriləcək iqlim konfransına üç ay qalmış Avstriya nümunə göstərərək İtki və Zərər Fonduna töhfəsini 15 milyon avro artıraraq 25 milyona avroya çatdırıb. Vəsait iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərini və iqlimlə bağlı hadisələrin vurduğu geri qaytarıla bilməyən zərərin kompensasiyasını maliyyələşdirmək üçün nəzərdə tutulub.

İqlim böhranının və onun dağıdıcı nəticələrinin bütün dünyada insanlar üçün ciddi təhlükə yaratdığını qeyd edən Avstriyanın İqlim Mühafizəsi, Ətraf Mühit, Enerji, Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin rəhbəri Leonore Gevessler bildirib ki, ölkəsi öz məsuliyyətinə ciddi yanaşır və Qlobal Cənubda yerləşən dövlətlərə dəstək verir.  

Ümumilikdə, Avstriya 2023-cü ildən 2027-ci ilə qədər adıçəkilən fonda 50 milyon dollar ayıracağını vəd edib.

İndiyədək iqlim dəyişikliyi ilə mübarizəni dəstəkləmək üçün dünya ölkələri və Avropa İttifaqı (Aİ) tərəfindən İtki və Zərər Fonduna bir neçə yüz milyon dollar ayrılıb. Məsələn, fonda Aİ 225 milyon avro, Almaniya və Birləşmiş Ərəb Əmirlikləri hər biri 100 milyon, Böyük Britaniya  60 milyon və Yaponiya  10 milyon avro vəsait köçürüblər.  ABŞ-ın töhfəsi kifayət qədər az olub – cəmi 17,5 milyon dollar. Səbəb yəqin ki, ABŞ administrasiyasının verdiyi bir neçə bəyanatda Vaşinqtonun bu məqsəd üçün ödəmələrin “təzminat” kimi başa düşülməməli olduğunu vurğulamasıdır. Bu tələbi Qlobal Cənub ölkələri illərdir irəli sürürlər. Onların arqumenti budur ki, iqlim böhranı ABŞ və digər sənayeləşmiş ölkələrdə yaranıb, lakin indi bunun nəticələrinin ağır yükünü inkişaf etməkdə olan ölkələr çəkirlər.

XQ

 

Ekologiya