Paytaxtda quraqlığa davamlı ağac və kollar əkilir

post-img

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Mövsümlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri aparılır. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb. 

Son vaxtlar Bakının flora müxtəlifliyi xeyli artırılıb, həmçinin şəhərin iqlim şəraitinə uyğunlaşmış yerli ağac növlərinin də əkilməsi həyata keçirilir. Eyni zamanda qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsinə üstünlük verilir.

Mövsüm ərzində paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərin iqliminə uyğun və quraqlığa davamlı,  xüsusi rəng çalarları ilə seçilən, qırmızı, sarı, ağ rəngdə gülləri ilə şəhərə xüsusi  gözəllik verəcək Lənkəran akasiyası, çezalpiniya, jumolas, qlisiniya  əkilməsi, yeni formada yaşıllıq güşələrinin yaradılması həyata keçirilir. Hazırda yeni kollar sakinlərimizin daha çox olduqları gəzinti və istirahət yelərində - Mərkəzi, Qış, “Atatürk”, “Gənclik” və “Nizami Gəncəvi” parklarında, əsas prospekt və küçələr boyunca əkilir. Həmçinin əsas prospekt və keçələrdəki ağacların yanına sarmaşıqlar əkilir.

Eyni zamanda sakinlərimizə də öz həyətlərində bu cür ağac və kolların əkilməsi tövsiyə olunur. 

 

 

P.ƏMİRCANOV

XQ



Ekologiya