Astara rayonunun Şahağac kəndində torpaq sürüşməsi intensivləşib. Nəticədə 50-yə yaxın ev üçün təhlükəli vəziyyət yaranıb.
Ərazidən keçən Pensərçay torpaq qatını yuyaraq, evlərə doğru istiqamət alır. Çay sağ və sol sahillərinə doğru 20–25 metr genişlənib. Torpaq sürüşməsi vətəndaşların həyətyanı sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub.
Baş verən hadisə nəticəsində 20-25 metr enində, 45-50 metr uzunluğunda torpaq qatı sürüşərək, kənd sakinləri Səfail İbadov, Möhsün Möhsümov və digərlərinin həyətyanı sahələrindəki tikililəri, 50-yə yaxın sitrus, eləcə də meyvə ağacını aparıb.
Sakinlər narahatdırlar ki, əgər çay kənarına bənd vurulmasa, növbəti seldə daha böyük fəsadlar yaranar və yaşadıqları evləri tərk etmək məcburiyyətində qala bilərlər.
XQ