ABŞ Prezidenti Donald Tramp iddia edir ki, ötən yay İranın nüvə obyektləri bombalandıqdan sonra Tehran dağıntılar altında qalan uranı Vaşinqtona təhvil verməyə razılaşıb.
Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. Məlumata görə, Tramp Tehranın dağıntılar altında qalan yüksək zənginləşdirilmiş uranı təhvil verməyə razıdır. ABŞ lideri bu materialı “nüvə tozu” adlandırıb.
“İranın nüvə silahı yoxdur və onlar buna razılaşıblar. B-2 bombardmançı təyyarələri ilə həyata keçirdiyimiz hücumdan sonra yerin dərinliklərində basdırılmış nüvə tozunu bizə qaytarmağa razılaşıblar. Beləliklə, İranla bir çox razılaşmamız var və düşünürəm ki, bəzi çox müsbət və vacib şeylər baş verəcək”, - deyə Amerika prezidenti bildirib.
Amma qəzetin yazdığına görə, İran tərəfi hələ ABŞ ilə danışıqlar zamanı güzəştə getdiyini təsdiqləməyib. Qəzetin jurnalistləri əlavə ediblər ki, Vaşinqtonun Tehranın nüvə öhdəlikləri ilə bağlı əvvəlki açıqlamaları ya qeyri-dəqiq, ya da əsassızdır.
P.ƏMİRCANOV
XQ

