Texnologiya insan qarşı: müharibədə balans dəyişir

post-img

ABŞ-da narahatlıq doğuran əsas məsələ Çin tərəfindən nümayiş etdirilən yeni nəsil pilotsuz sistemlərdir. Bu dronlar döyüş təyyarələri ilə koordinasiyalı şəkildə, insan müdaxiləsi olmadan fəaliyyət göstərə bilir və bu, müasir hava əməliyyatlarının mahiyyətini dəyişdirməyə namizəddir. The New York Times-ın yaydığı məlumatlara görə, Pentaqon daxilində aparılan qiymətləndirmələr ABŞ-ın bu istiqamətdə Çinlə müqayisədə geri qalmaq riski ilə üz-üzə olduğunu göstərir. Bu fonunda Vaşinqton müdafiə sənayesini sürətləndirməyə çalışır və "Anduril Industries" kimi şirkətlərin süni intellekt əsaslı dron layihələri planlaşdırılandan daha tez istehsala buraxılır.

Müşahidə olunan əsas transformasiya müharibənin “alqoritmləşməsi” ilə bağlıdır. Süni intellekt artıq yalnız köməkçi alət deyil, qərarverici elementə çevrilir: sistemlər real vaxtda kəşfiyyat məlumatlarını analiz edir, hədəfləri prioritetləşdirir və zərbə variantlarını təklif edir. Bu isə döyüş mühitində insan faktorunun rolunu azaldaraq reaksiyanın sürətini kəskin artırır. Nəticədə əməliyyatlar daha sürətli, daha dəqiq, eyni zamanda, daha az proqnozlaşdırılan xarakter alır.

Bu texnoloji yarış artıq yalnız ABŞ və Çin arasında məhdudlaşmır. Rusiya və Ukrayna davam edən müharibə fonunda dron və süni intellekt texnologiyalarını aktiv şəkildə tətbiq edərək real döyüş şəraitində test edir. Eyni zamanda, Hindistan, İsrail və İran kimi aktorlar hərbi süni intellekt sahəsinə investisiyaları artırır, Avropa ölkələri isə NATO daxilində strateji qeyri-müəyyənliklər fonunda yenidən silahlanma kursuna üstünlük verir. Bu kontekstdə Fransa, Almaniya, Böyük Britaniya və Polşa kimi ölkələrin birgə hava hücumundan müdafiə təşəbbüsləri diqqət çəkir.

Texnoloji baxımdan Çin və Rusiya daha riskli istiqamətə yönəlmiş kimi görünür: süni intellektin döyüş meydanında müstəqil qərar verməsi üzərində eksperimentlər aparılır. Xüsusilə Rusiyanın “Lancet” tipli dronları artıq qismən avtonom funksiyalarla təchiz edilib. ABŞ isə daha çox qərar dəstəkləyici sistemlərə üstünlük verir. Bu baxımdan "Palantir Technologies" platformasının tətbiqi müasir müharibənin yeni modelini nümayiş etdirir: peyk məlumatlarından hədəf seçimi, zərbə planlaması və logistika saniyələr içində avtomatlaşdırılır.

Ukraynanın döyüş təcrübəsi bu transformasiyanın praktiki nümunəsinə çevrilib. Kiyev həm pilotsuz sistemlərin geniş tətbiqi, həm də döyüş məlumatlarının texnoloji şirkətlərlə paylaşılması vasitəsilə süni intellektin öyrədilməsinə real töhfə verir. Bu model Avropada da təkrarlanmağa başlayır və regionda texnoloji suverenlik məsələsini ön plana çıxarır.

Yaxın perspektiv üçün bir neçə proqnoz önə çıxır. Birincisi, müharibələrdə qərarvermə dövrü radikal şəkildə qısalacaq və “insan reaksiyası” getdikcə daha çox sistemlər tərəfindən əvəz olunacaq. Bu isə səhv qərarların və nəzarətsiz eskalasiyanın riskini artırır. İkincisi, texnoloji üstünlük artıq yalnız keyfiyyətlə deyil, istehsal miqyası ilə də müəyyən olunacaq və bu sahədə Çin ciddi üstünlük əldə edə bilər. Üçüncüsü, dövlətlərlə yanaşı özəl texnologiya şirkətləri də hərbi balansın formalaşmasında əsas oyunçulara çevriləcək. Dördüncüsü, gələcək münaqişələrdə “insan–maşın əməkdaşlığı” modeli dominant olacaq, lakin tam avtonom silah sistemlərinin yayılması beynəlxalq hüquq və etik çərçivələrdə ciddi boşluqlar yaradacaq. Nəhayət, bu proseslər fonunda süni intellekt yalnız döyüş aləti deyil, həm də strateji çəkindirici faktor kimi çıxış edəcək və qlobal güc balansını yenidən formalaşdıracaq.

Hazırladı:

Səbuhi MƏMMƏDOV

XQ

Dünya