Suriyanın müvəqqəti prezidenti Əhməd Əl Şaraa Qərb hökumətləri ilə münasibətlərini möhkəmlətmək istiqamətində qətiyyətli addımlar atmaqdadır. O, artıq ABŞ, Rusiya, Fransa və Almaniya da daxil olmaqla bir neçə xarici ölkəyə səfər edib və bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlar aparıb. Nəticədə Suriyaya qarşı bir çox beynəlxalq sanksiyalar aradan qaldırılıb. Bu da ölkənin 14 illik qanlı vətəndaş müharibəsindən sonra özünə gəlməsinə kömək edir.
“Euronews”in məlumatına görə, Əhməd Əl Şaraa dünən Böyük Britaniyada səfərdə olub, Bukinqem Sarayında kral Çarlz və Dauninq küçəsində Baş naziri Kir Starmer ilə görüşüb. Qeyd edək ki, bu, 2024-cü ildə hakimiyyətə gəlməsindən sonra onun Londona ilk səfəridir. Liderlərin danışıqlarının əsas mövzusu İranla müharibə olub. Görüşdən çıxdıqdan sonra Suriya lideri əlinin hərəkəti ilə danışıqların yaxşı getdiyinə işarə edib.
Britaniya hökumətinin sözçüsü bildirib ki, liderlər “Hörmüz boğazının uzun müddət bağlı qalmasının ciddi iqtisadi təsirini nəzərə alaraq, onun yenidən açılması üçün uyğun plan hazırlamaq barədə müzakirə aparıb və naviqasiya azadlığını bərpa etmək üçün digər ölkələrlə işləmək barədə razılığa gəliblər”.
Sözçü əlavə edib ki, Starmer “Suriya hökumətinin İŞİD-ə qarşı mübarizə istiqamətində hərəkətlərini alqışlayıb” və “terrorizmə qarşı mübarizədə irəliləyişə” nail olduğunu qeyd edib.
Britaniyanın baş naziri həm də “qanunsuz miqrantları geri qaytarmaq, sərhədləri qorumaq və insan qaçaqmalçılığı şəbəkələri ilə mübarizə aparmaq” üçün Dəməşqlə daha sıx əməkdaşlıqda maraqlı olduğunu bəyan edib.
Xatırladaq ki, Britaniya hökumətinin statistikasına görə, Suriyada vətəndaş müharibəsi nəticəsində böyük miqrant böhranı yarandıqdan sonra 2011-2021-ci illərdə Böyük Britaniyada 30 mindən çox suriyalıya sığınacaq verilib.
Onu da qeyd edək ki, Əl Şaraanın səfəri Londonun 2025-ci ilin iyul ayında Suriya ilə diplomatik münasibətləri bərpa etmək qərarından sonra baş tutub. Bu səfər ovaxtkı xarici işlər naziri Devid Lamminin Dəməşqə getməsindən sonra baş tutub. Lamminin Dəməşqə səfəri Britaniya nazirinin Suriyaya son 14 ildə ilk səfəri olub. Səfərdə məqsəd Britaniya hökumətinin Dəməşqdəki siyasi dəyişiklikləri dəstəkləmək, iqtisadi dirçəlişi təşviq etmək, eyni zamanda, qanunsuz miqrasiyanın azaldılması üzrə addımlar atmaq və kimyəvi silah məsələlərini həll etmək olub.
Bazar ertəsi günü Əhməd Əl Şaraa Berlində Suriyanı Yaxın Şərqdəki mövcud müharibənin nəticələrindən qorumağa çalışan Almaniya kansleri Fridrix Merzlə görüşüb. Almaniya Avropanın ən böyük iqtisadiyyatı və Aİ-də ən böyük Suriya diasporuna malik ölkədir. Hazırda bu ölkədə 1 milyondan çox suriyalı yaşayır. Ötən ildən bəri immiqrasiya siyasətinin sərtləşdirilməsini prioritet hesab edən Merz və Əl Şaraa Almaniyada yaşayan hər 10 suriyalıdan səkkizinin “növbəti üç il ərzində” vətənə qaytarılması barədə razılığa gəliblər.
Paşa ƏMİRCANOV
XQ

