İtaliyanın Baş naziri Giorgia Meloni Ukraynadakı münaqişənin həlli ilə bağlı sənədlərin hazırlanmasında əhəmiyyətli irəliləyişlər olduğunu açıqlayıb. Baş nazir” Sky TG24” telekanalına verdiyi müsahibədə bildirib ki, Kiyev üçün təhlükəsizlik zəmanətləri danışıqlarda xüsusi diqqət mərkəzindədir.
Məlumatı “Kommersant” verib.
“Hazırda üzərində işlədiyimiz sənədlərdə əhəmiyyətli irəliləyişlər görürəm. Kiyev üçün təhlükəsizlik zəmanətləri mövzusunda çox yüksək keyfiyyətli işlər görülüb — bildiyiniz kimi, bu konsepsiya əsasən İtaliyanın onları Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi əsasında modelləşdirmək təklifinə əsaslanır”, - deyə xanım Meloni bildirib.
İtaliya Baş nazirinin sözlərinə görə, tərəflər Ukraynanın bərpası məsələsində də əhəmiyyətli irəliləyişlər əldə ediblər. Artıq kağız üzərində razılaşdırılmış bir çox məqamlarla bağlı sülh planı hazırlanıb. Bununla belə, xanım Meloni qeyd edib ki, tərəflər əsas məsələni həll etməkdən hələ də uzaqdırlar.
“Lakin biz hələ də əsas problemin - ərazi məsələsinin həllindən uzaqıq”, - deyə o vurğulayıb. İtaliya hökumətinin başçısı həmçinin yalnız sülhə nail olmağın deyil, həm də onun ədalətli olmasının vacibliyini qeyd edib.
P.ƏMİRCANOV
XQ

