Bu günlərdə Rusiya Abxaziya ərazisindən keçməklə Gürcüstanla dəmir yolu əlaqəsinin bərpası imkanını yenidən gündəmə gətirib. Bu barədə bu ölkənin baş nazirinin müavini Aleksey Overçuk açıqlama verib. O bildirib ki, Qafqazda pozulmuş bütün nəqliyyat xətlərinin açılması istiqamətində iş aparılır və bu çərçivədə Rusiya ilə Gürcüstan arasında Abxaziya vasitəsilə dəmir yolu əlaqəsinin bərpası variantı nəzərdən keçirilir. Marşrut regionda nəqliyyat-logistika bağlılığının gücləndirilməsi üzrə “böyük vəzifənin” bir hissəsi kimi nəzərdə tutulub.
Bu layihənin reallaşması birbaşa Gürcüstanın mövqeyindən asılıdır. Rəsmi Tbilisinin mövqeyi isə sərt olub. O, həm dəmir yolu rəhbərliyi, həm də parlament səviyyəsində hər hansı danışıqların aparılmadığını bildirib. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili qeyd edib ki, münasibətlərin və nəqliyyat əlaqələrinin bərpası yalnız Gürcüstanın ərazi bütövlüyünün tanınması və işğal olunmuş ərazilərin işğaldan azad olması şərtilə mümkündür.
Qeyd edək ki, Tbilisinin bu məsələdəki mövqeyi həm siyasi, həm də milli təhlükəsizlik amilləri ilə bağlıdır. Birincisi, dəmir yolu xəttinin işə düşməsi işğal olunmuş ərazilərdə Rusiya hərbi kontingentinin logistik imkanlarının artmasına və mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradır. İkincisi, Rusiyanın Abxaziyanın “müstəqilliyini” tanıması səbəbindən sərhəd və gömrük nəzarətinin qondarma rejim tərəfindən həyata keçirilməsi ehtimalını artırır. Bu isə Gürcüstanın suverenlik hüquqlarının birbaşa pozulmasıdır.
Tbilisinin maraqlarına toxunan başqa bir bir həssas məqam da var. Bu, sektorun statusu ilə bağlıdır. Rəsmi Tbilisi haqlı olaraq tələb edir ki, dəmir yolu xətti SSRİ dövründə olduğu kimi “Gürcüstan dəmir yolunun Abxaziya sektoru” adlandırılsın. Məsələnin texniki və maliyyə tərəfini də unutmaq olmaz. Uzun illərdir baxımsız qalan, infrastrukturu talan edilmiş və strateji körpüləri, tunelləri sıradan çıxmış Oçamşir–Zuqdidi xətti hazırda yalnız köhnə xəritələrdə mövcuddur. İqtisadi hesablamalara görə, bu xəttin sıfırdan qurulması üçün tələb olunan 300–500 milyon dollarlıq investisiya siyasi legitimlik problemi həll olunmadıqca investorlar üçün də böyük risk daşıyır. Həmçinin layihənin Poti limanı vasitəsilə həyata keçirilən dəniz ticarətini zəiflədəcəyi və dövlət gəlirlərinə zərər vuracağı qorxusu da iqtisadi ekspertlər tərəfindən mütəmadi olaraq vurğulanır.
Mövzu ilə bağlı gürcüstanlı siyasətçi Vüqar İsayev bildirdi ki, rəsmi Tbilisi üçün iqtisadi mənfəət və regional tranzit dividendləri dövlət bütövlüyü prinsiplərini, milli suverenliyin toxunulmazlığını əsla üstələyə bilməz: “Gürcüstan rəhbərliyinin nümayiş etdirdiyi iradə Rusiya ilə hər hansı kommunikasiyanın yalnız və yalnız beynəlxalq hüquq normaları, dövlətlərin suverenliyi və tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində mümkün olduğunun rəsmi bəyanıdır. Gürcüstan tərəfi başa düşür ki, Abxaziya üzərindən keçən dəmir yolu xəttinin Rusiyanın şərtləri daxilində bərpası, faktiki olaraq, işğalın legitimliyini tanımaq, münaqişənin dondurulmuş vəziyyətdən işğalçı dövlətin xeyrinə həllinə yol açmaqdır”.
Ekspertin sözlərinə görə, Tbilisinin prinsipial mövqeyi həm də iqtisadi təhlükəsizlik doktrinası ilə sıx bağlıdır: “Gürcüstanın dövlət strategiyasında iqtisadi layihələr suverenliyi möhkəmləndirməli, onu zəiflətməməlidir. Abxaziya dəmir yolu marşrutunun açılması ilə bağlı Moskvanın irəli sürdüyü təşəbbüslər Gürcüstanın daxili siyasi və hüquqi arxitekturasına qarşı yönəlmiş “yumşaq güc” alətidir. Bu yolun açılması Gürcüstanın gömrük və sərhəd rejimi üzərində nəzarətini itirməsi ilə nəticələnə bilər. Beynəlxalq hüquq normalarına görə, dəmir yolu xətti dövlət sərhədindən keçdiyi andan həmin ölkənin yurisdiksiyasına tabe olmalıdır. Lakin Rusiya tərəfi Abxaziyanı “müstəqil tərəf” kimi masaya oturtmağa çalışmaqla, Gürcüstanın öz ərazisi üzərindəki konstitusion hüquqlarını heçə saymağa cəhd edir. Bu isə Tbilisinin “qırmızı xətti”dir. Şübhəsiz ki, bu, nəqliyyat layihəsindən çox, suverenlik və beynəlxalq hüquq məsələsidir və Gürcüstanın maraqlarına xidmət etmir”.
V. İsayev onu da bildirdi ki, Gürcüstanın mövqeyi strateji əhəmiyyət daşıyır: “Ölkənin Poti və Batumi kimi dəniz limanları, habelə beynəlxalq əhəmiyyətli Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi ölkəni qlobal nəqliyyat qovşağına çevirib. Abxaziya xəttinin nəzarətsiz açılması bu limanların tranzit yük həcmini azalda, Gürcüstanın tranzit asılılığını Şimal istiqamətinə yönəldə bilər. Gürcüstan hökuməti yaxşı anlayır ki, legitimlik tanınmadan həyata keçirilən hər bir layihə işğal zonasında qeyri-qanuni rejimlərin ömrünün uzadılmasına xidmət edəcək”.
Bəs Gürcüstanın açıq, milli maraqlarına söykənən mövqeyinə baxmayaraq, Rusiyanın Abxaziya vasitəsilə dəmir yolu marşrutunun bərpasını tez-tez gündəmə gətirməsinə səbəb nədir? Əslində, Rusiyanın Abxaziya üzərindən keçən dəmir yolu xəttinə maraq göstərməsi təsadüfi deyil. Bu seçim təkcə logistikaya deyil, həm də geosiyasi və təhlükəsizliyə əsaslanır. Eyni zamanda, regionun nəqliyyat arxitekturası uğrunda gedən rəqabətlə bağlıdır.
Uzun illərdir ki, Ermənistanın dəmir yolu infrastrukturu Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolları” tərəfindən idarə olunur. Moskvanın bu ölkədə həlledici söz sahibi olmasını təmin edirdi. Lakin 2025-ci ilin avqustunda regionun nəqliyyat mənzərəsini kökündən dəyişən mühüm bir hadisə baş verdi. Zəngəzur üzərindən keçməsi planlaşdırılan və Rusiyanın iştirakı olmadan nəzərdə tutulan TRIPP marşrutu üzrə sazişin imzalanması vəziyyəti alt-üst etdi. Qərb strukturları ilə daha sıx inteqrasiya olunan və Avropa bazarına birbaşa çıxışı prioritetləşdirən bu marşrut, Moskvanı regionda formalaşan yeni nəqliyyat modellərindən tamamilə kənarda qalmaq təhlükəsi ilə üz-üzə qoydu. Məhz bu layihə Kremli Cənubi Qafqazda sülh prosesində və kommunikasiyaların açılmasında “ofsayd” vəziyyətinə düşməmək üçün öz alternativ “marşrutlarını” axtarmağa məcbur etdi.
Rusiyaya görə, Abxaziya üzərindən keçən dəmir yolu xətti ideal rəqabət alətidir. Çünki bu marşrut Moskvanın hərbi və siyasi mövcudluğunu saxladığı, faktiki nəzarət etdiyi ərazidən keçir və təhlükəsizlik baxımından Kreml üçün daha əlverişlidir. Moskvanın Abxaziya istiqamətində fəallığı da məhz bu strateji rəqabətdə mövqeyini qorumaq, Cənubi Qafqazda mərkəzi oyunçu statusunu saxlamaq və Qərb yönümlü regional inteqrasiya modellərinə qarşı alternativ yaratmaq cəhdidir. Yəni “mən də varam, regionda söz sahibiyəm”. Tarixi təcrübə sübut edir ki, Şimal qonşumuz üçün nəqliyyat xətləri, sadəcə, iqtisadi arteriya deyil, ilk növbədə, siyasi təsir rıçağıdır. Onların “böyük vəzifə” dedikləri planın təməlində iqtisadi səmərəlilikdən çox, geosiyasi hökmranlıq dayanır. Lakin rəsmi Tbilisinin sərt və prinsipial mövqeyi, habelə regionda formalaşan yeni beynəlxalq tranzit modelləri bu təşəbbüsün reallaşmasını çətinləşdirən əsas amillər kimi qalmaqdadır.
Beləliklə, Abxaziya üzərindən dəmir yolu təşəbbüsü iqtisadi maraqlardan çox, geosiyasi idarəetmə məntiqinə əsaslanan strateji bir rəqabət alətidir. Hazırkı şəraitdə bu təşəbbüs real nəqliyyat layihəsindən daha çox, regionda nüfuz uğrunda gedən genişmiqyaslı geosiyasi mübarizənin tərkib hissəsi kimi qalmaqdadır. Yeni beynəlxalq nəqliyyat dəhlizi (TRIPP) kontekstində Moskvanın bu cəhdləri bələyindəcə ölü doğulmuş bir layihə təsiri bağışlayır və yaxın onilliklərdə reallaşması qeyri-mümkün görünür. Cənubi Qafqazın nəqliyyat gələcəyi isə işğalçı modellər üzərində deyil, ölkələrin ərazi bütövlüyünə hörmət və şəffaf beynəlxalq əməkdaşlıq üzərində qurulacaqdır.
Pünhan ƏFƏNDİYEV
XQ


