ABŞ Prezidenti Donald Tramp Kanadanın baş naziri Mark Karni ilə münasibətlərini daha da gərginləşdirib. Tramp şimal qonşusunu Çinlə ticarət müqaviləsini davam etdirəcəyi təqdirdə Kanadadan idxal edilən mallara 100 faiz tarif tətbiq etməklə hədələyib.
Məlumatı “Euronews” verib.
Tramp sosial mediada bildirib ki, əgər Kanadanın Baş naziri Mark Karni “Kanadanı Çinin ABŞ-a mal və məhsul göndərməsi üçün “gəmi limanı” edəcəyini düşünürsə, çox səhv edir”.
Tramp son bir ildə ticarət müharibəsi aparsa da, Kanada bu ay kənd təsərrüfatı məhsullarına idxal vergilərinin azaldılması müqabilində Çin elektrikli nəqliyyat vasitələrinə tarifləri endirmək barədə razılığa gəlmişdi.
Kanadanın Baş naziri Mark Karni isə 26 yanvarda açıqlayıb ki, ölkəsinin Çinlə sərbəst ticarət sazişi bağlamaq planı yoxdur. O qeyd edib ki, ölkə ABŞ və Meksika ilə üçtərəfli müqavilə çərçivəsində öhdəliklərinə hörmətlə yanaşır. Bu müqaviləyə əsasən, üç ölkədən hər hansı biri bazar olmayan ölkə, xüsusən də Çin ilə sərbəst ticarət müqaviləsi bağlamaq istəsə, digərini əvvəlcədən xəbərdar etməlidir.
P.ƏMİRCANOV
XQ

