Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux hərtərəfli tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyannamə imzalayıblar. Bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Xəbəri “Anadolu” verib.
Məlumata görə, Özbəkistan prezidentinin Monqolustana ilk səfəri “iki ölkə arasında dostluq münasibətlərinin və çoxşaxəli əməkdaşlığın inkişafında tarixi hadisəyə çevrilib”.
Özbəkistan lideri vurğulayıb ki, səfərin əsas nəticələrindən biri Özbəkistan-Monqolustan əməkdaşlığında yeni mərhələnin başlanğıcını qoyan mühüm sənədin - Hərtərəfli Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasıdır.
Bildirilir ki, danışıqlar zamanı bütün əsas məsələlər və praktiki əməkdaşlığın perspektiv istiqamətləri hərtərəfli araşdırılıb, konkret vəzifələr və gələcək üçün planlar müəyyən edilib.
Özbəkistan prezidentinin sözlərinə görə, danışıqlar zamanı əsas diqqət iqtisadi əməkdaşlığa yönəlib. Qarşıdakı illərdə, ilk növbədə, populyar məhsulların çeşidini və tədarük həcmini genişləndirməklə əmtəə dövriyyəsinin həcmini bir neçə dəfə artırmaq vəzifəsi qoyulmuşdur. Vurğulanıb ki, Ulan-Batorda Özbəkistan məhsullarının sərgi salonu olan ticarət evinin açılması bu işin fiziki əsasına çevriləcək.
P.ƏMİRCANOV
XQ