Yaxın Şərqdə vəziyyət gərgindir

post-img

İsrail ordusunun iyunun 13-nə keçən gecədən indiyədək İrana qarşı həyata keçirdiyi hava əməliyyatları davam edir. Hücumlar çərçivəsində İranın nüvə obyektləri, hərbi bazaları, generalları və ballistik raket sistemləri əsas hədəf kimi müəyyən olunub. İran tərəfi isə cavab zərbələri ilə İsrailin hərbi infrastrukturlarına ballistik raket və PUA-larla hücumlar təşkil edib. Gərginlik yüksəlməkdədir.

Ötən gün İsrailin İranın qərb bölgəsinə endirdiyi növbəti hava zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi həyatını itirib. İranın rəsmi mənbələrinə əsasən, zərbələr Lurestan əyalətinin mərkəzi olan Xorremabad şəhərində qeydə alınıb. “Tasnim” agentliyinin məlumatına görə, zərbələr iyunun 21-də səhər saatlarında həyata keçirilib.

Hazırkı hərbi eskalasiya fonunda ABŞ və Avropa İttifaqının nümayəndələri İran rəhbərliyi ilə danışıqlar aparırlar. “CBS News” kanalının yaydığı məlumata görə, müzakirələrdə İranın nüvə obyektlərinin təhlükəsizliyi və ekoloji fəsadların qarşısının alınması məsələləri ön plandadır. Diplomatik mənbələr qarşıdakı iki həftəni İsrail-İran qarşıdurmasının qarşısının alınması üçün “son fürsət” kimi dəyərləndirirlər.

Regional gərginliyin fonunda Azərbaycan regionda sülh və sabitliyin təminatçısı kimi çıxış edir. Belə ki, iyunun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı aparılıb. Söhbət zamanı İsrail–İran qarşıdurması kontekstində bölgədə təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Bayramov Azərbaycanın mövcud vəziyyətdə diplomatik həll yollarını dəstəklədiyini bildirib. Aİ nümayəndəsi də Azərbaycanın təşəbbüslərinə dəstək ifadə edib. Azərbaycanın əcnəbi vətəndaşların təxliyəsində fəal iştirakı, onun regional təhlükəsizlikdə etibarlı və məsuliyyətli aktor kimi qəbul edilməsinə səbəb olub. Eyni zamanda, ölkənin geostrateji mövqeyi və enerji-nəqliyyat imkanları onun Avropanın təhlükəsizlik sistemində mühüm yer tutduğunu göstərir.

Bu telefon danışığı bir daha təsdiq edir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri sadəcə enerji və ticarət sahələri ilə məhdudlaşmır. Münasibətlər artıq təhlükəsizlik, humanitar və diplomatik sahələrdə də strateji xarakter daşıyır. Aİ-nin yüksək səviyyəli nümayəndəsi ilə keçirilmiş bu təmas Azərbaycanın Cənubi Qafqazda sabitlik arxitekturasının qurulmasında önəmli rol oynadığını sübut edir.

Səbuhi MƏMMƏDOV
XQ

Dünya