Budapeşt Avropa İttifaqının Ukrayna üzrə planını dəstəkləməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Brüsseldə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
O, Aİ-nin Ukrayna üzrə yeni planının detallarını açıqlayıb. Belə ki, plana əsasən, Ukrayna yalnız bu il ərzində silahlanma üçün 40 milyard avro (pul şəklində) və ümumi dəyəri 5 milyard avro olan 2 milyon ədəd mərmi şəklində silah almalıdır.
Bundan başqa, Ukrayna əsgərlərinə təlim keçmək üçün əvvəllər yaradılmış missiya çərçivəsində Avropa İttifaqına üzv ölkələrin ordularından hərbi müşavirlər də Ukraynaya göndərilməlidir.
Rusiya ilə bağlı isə daha sərt və sayca artıq 17-ci sanksiyalar paketinin tətbiqi nəzərdə tutulur.
Nəhayət, bu ilin sonunadək Ukraynanın Aİ-yə üzvlüyünü təmin edəcək bütün bölmələrin açılması planlaşdırılır.
“Biz, macarlar sülh tərəfdarıyıq və heç bir müharibə yönümlü təklifi dəstəkləmirik”, – deyə o bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt