Donald Tramp administrasiyası ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirilməsini 48% azaltmağı təklif edib. Departamentlərin ümumi büdcəsi növbəti maliyyə ilində 55,4 milyard dollardan 28,4 milyard dollara qədər azala bilər. Məlumatı “Kommersant” verib.
Ən böyük ixtisarlar humanitar yardım (54%) və qlobal səhiyyənin maliyyələşdirilməsi (55%) olacaq. Beynəlxalq təşkilatlara, o cümlədən BMT və NATO-ya dəstək üçün ayrılan vəsaitlərin demək olar ki, 90%-i geri götürülə bilər. Bəzi təşkilatlara, xüsusən də MAQATE və ICAO-ya məqsədli töhfələr dayandırılacaq.
Sənəddə həmçinin maaşların və işə qəbulun dondurulması, diplomatlar üçün müavinətlərin azaldılması və bir sıra departamentlərin, o cümlədən Münaqişələrin Həlli Bürosunun bağlanması təklif edilir. Fulbrayt kimi mədəni mübadilə proqramları ləğv ediləcək.
Amerika Diplomatlar Assosiasiyası bu təklifi “ehtiyatsızlıq” adlandırıb və Konqresi onu rədd etməyə çağırıb. Yekun qərarı administrasiya və qanunvericilər verəcək.
P.ƏMİRCANOV
XQ