Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə bildirib ki, yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı planlaşdırılmır. Məlumatı “Kommersant” verib.
Daha əvvəl Avropanın “Politico” nəşri belə bir telefon danışığının bu gün baş tuta biləcəyini iddia etmişdi.
“Hələ qrafikdə heç nə yoxdur”, - deyə Peskov mətbuata bildirib.
Prezidentin mətbuat xidmətinin rəhbəri Trampın müşavirlərinin Moskva Ukraynada tam atəşkəs elan edənə qədər Rusiya prezidentinə zəng etməkdən çəkinməyi tövsiyə etməsi ilə bağlı xəbəri şərh etməkdən imtina edib: “Hazırda mediada çoxlu saxtakarlıqlar, şayiələr, fərziyyələr və açıq yalanlar dərc olunur”. O əlavə edib ki, Rusiya və ABŞ Vladimir Putinin əvvəllər səsləndirdiyi Ukrayna böhranının həllinin “nüansları” ilə bağlı danışıqlar aparır.
Rusiya və ABŞ rəhbərləri arasında ilk telefon danışığı fevralın 12-də baş tutub. Putinlə Tramp arasında ikinci söhbət isə martın 18-də baş tutub.
P.ƏMİRCANOV
XQ