Gürcüstan parlamenti Amerikanın FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) kimi xarici agentlər haqqında qanunu üçüncü, sonuncu oxunuşda qəbul edib. Aprelin 1-də keçirilən plenar iclas Gürcüstan parlamentinin saytında yayımlanıb. Məlumatı “İzvestiya.ru” verib.
Məlumata görə, qanunun lehinə 86 deputat səs verib, əleyhinə heç kim səs verməyib.
1938-ci ildə ABŞ -da qəbul edilmiş qanunun analoqu xarici agent anlayışını müəyyənləşdirir, qeydiyyat prosedurunu və maliyyə bəyannaməsinin təqdim edilməsini tənzimləyir. Tələblərə əməl edilməməsi cinayət məsuliyyətinə səbəb olacaq. Bundan əlavə, sənəd təkcə xarici maliyyələşdirməyə malik qeyri-kommersiya hüquqi şəxsləri deyil, həm də fiziki şəxslər üçün xarici agent statusunu nəzərdə tutur.
P.ƏMİRCANOV
XQ