Media: ABŞ-Aİ ticarət qarşıdurması biznesə 9,5 trilyon dollar zərər vura bilər

post-img

ABŞ və Avropa İttifaqı (Aİ) arasında taarif müharibəsi trans-Atlantik biznesə ildə 9,5 trilyon dollar zərər vura bilər.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə Brüsseldəki ABŞ Ticarət Palatasının hesabatına istinadla məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun polad və alüminium tədarükünə tətbiq etdiyi yeni tariflər, eləcə də Avropadan idxal olunan spirtli içkilərə 200 faizlik rüsum təhdidi trans-Atlantik biznesə ağır zərər vuracaq.

Taarif müharibəsi ilk növbədə İrlandiyanın ixracının 90 faizini, Almaniyanın ixracının isə 60 faizini təşkil edən korporativ ticarətə, həmçinin ABŞ-dan maye qaz tədarükü də daxil olmaqla xidmətlərə və enerji sektoruna təsir edəcək.

Hazırda Amerika Ticarət Palatasının ekspertləri Prezident Donald Trampın yeni taariflərinin faydalarını şübhə altına alır və onların hər iki iqtisadiyyata zərərini nəzərə almağa çağırır.

Qeyd edək ki, fevralın 10-da ABŞ Prezidenti xaricdən ölkəyə idxal olunan polad və alüminiuma 25 faizlik gömrük rüsumunun tətbiqi barədə göstəriş verib. Martın 12-dən qüvvəyə minən qərar Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Avropa İttifaqı, Kanada, Meksika, Cənubi Koreya və Yaponiyadan tədarüklərə aiddir. Martın 4-də isə Ağ ev Kanada və Meksikadan idxal olunan bütün məhsullara 25 faizlik gömrük rüsumu tətbiq edib, Çindən gələn mallara tarifləri isə 10 faizdən 20 faizə qaldırıb.

Martın 13-də Donald Tramp Brüsseli Amerika viskisinə rüsumları aradan qaldırmayacağı təqdirdə Avropa İttifaqından idxal olunacaq alkoqollu içkilərə 200 faizlik rüsum tətbiqi ilə hədələyib.

Dünya