Trampın müşaviri: Bütün məsələləri hər iki tərəflə müzakirə edirik

post-img

ABŞ administrasiyası Rusiya və Ukrayna ilə münaqişənin həlli üçün müxtəlif variantları, o cümlədən Kiyevin NATO-ya daxil olma ehtimalını istisna etməklə Donbas və digər “rusdilli regionlar”ın Rusiya ərazisi kimi tanınması və Ukraynaya Avropa qoşunlarının mümkün yerləşdirilməsi variantlarını müzakirə edir. Bu barədə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals “Fox News” jurnalistinin sualını cavablandırarkən bildirib.

“Biz bütün bu məsələləri hər iki tərəflə müzakirə edirik. Biz rusiyalı və ukraynalı həmkarlarımızla danışıqlar aparırıq və prezident Tramp baş müzakirəçi kimi bu müharibəni bitirmək niyyətindədir", - o deyib.

"Biz iki tərəfi bir-birinə daha da yaxınlaşdırmaq üçün çox çalışırıq. Prezident Tramp hamı üçün faydalı olan sülhün əldə edilməsinə sadiqdir", - Vals əlavə edib.

Onun sözlərinə görə, Ukrayna nizamlanması “ölü nöqtədən çıxıb” və Səudiyyə Ərəbistanında Kiyevlə danışıqlar zamanı nümayəndə heyətlərinin nümayəndələri “xəritə çıxarıb, onun üzərində qeydlər aparmağa başlayıblar”. Vals əlavə edib ki, ABŞ gələcək danışıqlar perspektivləri ilə bağlı “ehtiyatlı nikbindir”.

Rusiya prezidenti Vladimir Putin martın 13-də bildirib ki, Moskva Ukraynada döyüşlərə son qoymaq təklifi ilə razılaşıb, ancaq bir şərtlə ki, bu, uzunmüddətli sülhə və böhranın əsas səbəblərinə son qoyulmasına səbəb olsun.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya