Rusiya qoşunları martın 11-i axşam saatlarında Odessa limanına raket hücumu həyata keçirib. Hücum zamanı gəmilərə və infrastruktura ziyan dəyib, əcnəbilər həlak olub.
AZƏRTAC bu barədə “Telegram” kanalı Ukrayna Baş nazirinin ərazilərin bərpası üzrə müavini Aleksey Kulebaya istinadla məlumat yayıb.
Barbados bayraqlı “MJ PINA” gəmisi ballistik raket zərbəsi nəticəsində zədələnib. O, hücum zamanı Əlcəzairə ixrac üçün buğda yükləyirdi.
Hücum nəticəsində hamısı Suriya vətəndaşı olmaqla 4 nəfər həlak olub. Ölənlərin ən gəncinin 18, ən yaşlısının isə 24 yaşı olub. A.Kulebanın sözlərinə görə, daha iki nəfər yaralanıb: onlardan biri ukraynalı və digəri suriyalıdır. Yaralılara lazımi tibbi yardım göstərilir.
O əlavə edib ki, daha bir gəmi, körpülər və taxıl anbarları da zədələnib.
“Liman infrastrukturunun hücumlardan qorunması, sərbəst və təhlükəsiz naviqasiyanın təmin edilməsi vacibdir. Biz davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün silahlardan və diplomatiyanın gücündən istifadə edərək hava hücumundan müdafiəmizi gücləndirməyə davam etməliyik”, -deyə A.Kuleba vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev