ABŞ-ın nüvə silahlarının təxminən 20 ildən sonra yenidən Böyük Britaniyada yerləşdirilə biləcəyi bildirilir.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, Amerika Alimləri Federasiyası (FAS) tərəfindən yayımlanan peyk görüntüləri ABŞ Hərbi Hava Qüvvələrinin Suffolk qraflığındakı “RAF Lakenheath” hava bazasında əvvəllər istifadə olunmayan 22 ədəd nüvə bunkerinin genişmiqyaslı təmirdən keçdiyini göstərir. Mütəxəssislər bu qərarın, əslində, 2021-ci ildə qəbul edildiyini və Rusiyanın Ukraynaya müdaxiləsindən sonra prosesin daha da sürətləndiyini bildirirlər. 2023-cü ildə NATO-nun yaydığı sənədlərdə Böyük Britaniyanın xüsusi silah bazalarının modernizasiyasına daxil edildiyi qeyd olunub. Bundan əlavə, Pentaqonun ötən il imzaladığı satınalma müqavilələri “Lakenheath” bazasında yeni obyektin tikintisini təsdiqləyib.
FAS-ın hesabatına görə, əldə olunan sənədlər və görüntülər ABŞ Hərbi Hava Qüvvələrinin 20 ildən sonra ilk dəfə Britaniya ərazisində nüvə missiyasını bərpa etdiyini göstərir. Ekspertlər bu addımın Rusiya-Ukrayna müharibəsi, Moskvanın nüvə təhdidləri və uzunmənzilli silah potensialını artırması fonunda atıldığını vurğulayırlar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London