İtaliyanın baş naziri Giorgia Meloni bildirib ki, Roma öz müttəfiqlərinə Vaşinqtonun iştirakı ilə təcili sammit keçirməyi təklif edəcək. O, bu barədə Donald Tramp və Vladimir Zelenski arasında mübahisə ilə nəticələnən danışıqlardan sonra bildirib. Məlumatı “Kommersant” verib.
“Qərbdəki hər bir parçalanma bizi daha da zəiflədir və sivilizasiyamızın tənəzzülünü görmək istəyənlərin xeyrinədir, - deyə Giorgia Meloni bildirib. - Qərb ölkələri Ukraynadan başlayaraq ciddi çağırışların öhdəsindən gəlməyi müzakirə etməlidir”.
Fevralın 28-də Ağ Evdə Donald Tramp və Vladimir Zelenski arasında keçirilən danışıqlar Ukrayna münaqişəsinin həlli ilə bağlı tərəflərin mövqeləri ətrafında mübahisəyə çevrilib. Donald Tramp daha sonra deyib ki, Vaşinqton hazırda sülh istəyir. Vladimir Zelenski, onun sözlərinə görə, mübarizəni davam etdirmək niyyətindədir. Ukrayna prezidenti isə, öz növbəsində bildirib ki, o, heç bir səhv etməyib və üzr istəyəcək heç nəyi yoxdur.
İki prezident arasında keçirilən mətbuat konfransı ləğv edilib və faydalı qazıntılar üzrə sazişin imzalanması baş tutmayıb. Avropalı siyasətçilərin əksəriyyəti Vladimir Zelenskini dəstəkləyib.
P.ƏMİRCANOV
XQ