Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət qurumları və şirkətlərinə nadir metalların hasilatı üzrə birgə layihələrdə iştirak etməyi təklif edib. Rusiya KİV-i yazır ki, belə xammal ehtiyatlarının 20%-i ölkədə cəmləşib, lakin texnologiya çatışmazlığı və sabit satış bazarı səbəbindən onların hasilatı və ya emalı praktiki olaraq yoxdur. Bundan əlavə, prezident Putin yeni rüsumlar səbəbindən bu metalın qiymətinin qalxmasına hazırlaşan Amerika bazarına Rusiya alüminiumunun tədarükünü bərpa etməyi, həmçinin Rusiya ilə ABŞ arasında, məsələn, Krasnoyarsk diyarında alüminium istehsalı üzrə birgə işi nəzərdən keçirməyi təklif edib. Belə bir layihəyə investisiyalar 15 milyard dollar təşkil edə bilər.
Rusiya prezidenti Vladimir Putin fevralın 24-də axşam saatlarında bəyan edib ki, Rusiya Amerika hökumət strukturlarına və şirkətlərinə nadir torpaq metallarının hasilatı layihələrində əməkdaşlıq təklif etməyə hazırdır. Onun müsahibəsinin stenoqramı Kremlin saytında dərc olunub. Putinin qeyd edib ki, Rusiyanın “Ukraynadan daha çox belə resursları var”. Eyni zamanda, o əlavə edib ki, bunlar kifayət qədər kapital tutumlu investisiyalardır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp fevralın 24-də bildirib ki, Vaşinqton Rusiyanın nadir metallarında və digər qiymətli ehtiyatların “külli miqdarda ehtiyatları”nda maraqlıdır. Tramp bildirib ki, o, Vladimir Putinlə iqtisadi inkişafa dair “böyük sövdələşmələri” müzakirə edir.
Dünyada nadir torpaq metal ehtiyatlarının təxminən 60 faizi və onların qlobal istehsalının təxminən 15 faizi Çindədir. Rusiya sahə agentliyinin məlumatına görə, ölkədə 2024-cü ildə nadir metalların ehtiyatları kəşf edilmiş 18 yataqda 28,7 milyon ton həcmində qiymətləndirilir. Bu, dünya ehtiyatlarının 20 faizi təşkil edir. Bununla belə, Rusiyanın dünya bazarında hasilatın payı 1 faizdən çox deyil və ölkədə bu cür metalların emalı praktiki olaraq yoxdur. Rusiya mediası yazır ki, böyük nadir metal yataqlarının istismarı layihələrinin əksəriyyəti bu gün dondurulub.
Vladimir Putinin sözlərinə görə, Rusiya ilə ABŞ arasında əməkdaşlıq nadir torpaq metalları ilə məhdudlaşmaya bilər. O qeyd edib ki, ABŞ alüminium bazarını açarsa, Rusiya ildə 2 milyon ton metal tədarük edə bilər. Rusiya prezidentinin fikrincə, bu proses qiymətlərin aşağı düşməsinə kömək edəcək. Eyni zamanda, Putin Rusiya və ABŞ arasında alüminium istehsalı üzrə, məsələn, Krasnoyarsk diyarında birgə əməkdaşlığın nəzərdən keçirilməsini təklif edib. Belə bir layihəyə investisiyalar 15 milyard dollar təşkil edə bilər.
Xatırladaq ki, Rusiya alüminiumunun ABŞ-a idxalına qadağa 2024-cü ilin aprelindən qüvvədədir. Eyni zamanda, bu il martın 12-dən ABŞ-da polad, alüminium və onlardan başqa ölkələrdən hazırlanan məhsullara 25 faizlik idxal rüsumları qüvvəyə minəcək. ABŞ-ın öz alüminium istehsalı 860 min ton təşkil edir və ümumi istehlakın təxminən 30 faizi əvvəllər idxal edilirdi, bu həcm əsasən Kanada tədarükləri hesabına təmin olunurdu.
ABŞ prezidentinin Rusiya liderinin təklifinə reaksiyası hələlik məlum deyil. Amma Ukrayna müharibəsi bitmədən bu sahədə əməkdaşlığın baş tutacağı az inandırıcıdır.
S.ELAY
XQ