Tramp: Mən sülh gətirən lideri kimi xatırlanmaq istəyirəm

post-img

Ukraynada sülhün bərqərar olmasının vaxtı çatıb. ABŞ və Avropa buna nail ola bilər. Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında deyib.

“Anadolu”nun məlumatına görə, ABŞ lideri qeyd edib ki, Makronla görüş zamanı tərəflər Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi prosesinə Avropanın töhfə verməsinin zəruriliyi barədə razılığa gəliblər: “Prezident Makronla çox məhsuldar görüşümüz oldu. Biz razıyıq ki, münaqişənin həlli və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərclərin daha çox hissəsini Avropa öz üzərinə götürməlidir”.

Onun sözlərinə görə, Rusiya Federasiyası və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə danışıqlar müsbət şəkildə davam edir: “Moskva da razılaşmaya hazırdır. Razılaşmanın əldə olunması Rusiya üçün də faydalı olacaq, mən hesab edirəm ki, bu mümkündür. Baş verənləri artıq dəyişdirmək mümkün deyil. Bu, heç vaxt baş verməməli olan müharibədir.

Ağ Ev rəhbəri Ukrayna ilə nadir torpaq metalları üzrə saziş üzrə danışıqlarda da irəliləyiş olduğunu bildirib: “Ukrayna ilə nadir torpaq metalları müqaviləsində əhəmiyyətli irəliləyiş əldə etdik. Biz razılığa gəlməliyik”.

Tramp vurğulayıb ki, o, hakimiyyətə gələnə qədər Rusiya, Ukrayna və ABŞ arasında ciddi təmaslar olmayıb, lakin o, vəzifəyə gəldikdən sonra dialoq yenidən başlayıb: “Mən müharibə başlayan deyil, sülh gətirən lider kimi xatırlanmaq istəyirəm”.

ABŞ prezidenti bəyan edib ki, Vaşinqton Ukraynanı dəstəkləmək üçün artıq 300 milyard dollardan çox vəsait xərcləyib, Avropa isə cəmi 100 milyard dollar sərmayə qoyub. Ağ Ev rəhbərinin fikrincə, bu balanssızlıq aradan qaldırılmalıdır: “Mən şadam ki, prezident Makron Ukraynada sülhün təmin edilməsi ilə bağlı xərclərin təkcə ABŞ deyil, həm də Avropa ölkələri tərəfindən ödənilməsi ilə razılaşır. Bundan əlavə, Avropa Ukraynanın təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamalıdır”.

P.ƏMİRCANOV
XQ

Dünya