Ukraynanın Avropa İttifaqına qəbulu prosesi sürətləndirilməlidir. Ukrayna beş ildən sonra tamhüquqlu üzv olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda Kiyevdə keçirilən beynəlxalq sammitdə deyib.
Litva Prezidenti deyib: “Avropanın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən asılıdır. Ona görə də Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirmək lazımdır”. O, Kiyevdə Avropa liderlərinin iştirakı ilə keçirilən “Ukraynaya dəstək” plenar sessiyası zamanı bu hadisənin 2030-cu il yanvarın 1-də olmasını təklif edib.
Onun sözlərinə görə, ilk danışıqlar klasterinin açılışı bir neçə həftə ərzində həyata keçirilə bilər.
“Ukraynanı Aİ-yə aparan yolu labüd etməliyik”, -deyə Gitanas Nauseda əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev