Avropa Ukraynaya qoşun yeritməyə hazırlaşır

post-img

Böyük Britaniya və Fransa Moskva və Kiyevin atəşkəs razılaşmasına nail olacağı təqdirdə Ukraynaya 30 minə qədər sülhməramlı göndərmək planı hazırlayır.

Bu barədə “The Wall Street Journal” (WSJ) Avropa rəsmilərinə istinadən xəbər verir.

Onların sözlərinə görə, bu qüvvələr Ukraynanın hava və dəniz müdafiəsinə yönəldiləcək. Quru qoşunları minimal olacaq və cəbhə xəttinin yaxınlığında yerləşdirilməyəcək. Plana əsasən, Avropa qoşunları Ukrayna şəhərlərinə, limanlarına və atom elektrik stansiyaları kimi digər mühüm infrastruktur obyektlərinə yerləşdiriləcək. Dronlar və peyklər Rusiyanın atəşkəsə əməl edib-etmədiyini müəyyən etmək üçün cəbhə xəttini izləyəcək.

Rəsmilər bildiriblər ki, yeni Avropa planı ABŞ qüvvələrinin Ukraynaya yerləşdirilməsini nəzərdə tutmayacaq, lakin təhlükə altında olduqları təqdirdə Avropa qoşunlarını qorumaq və Rusiyanı hər hansı atəşkəsi pozmaqdan çəkindirmək üçün ABŞ-ın hərbi imkanlarını tələb edəcək. Beləliklə, ABŞ Ukrayna ərazisini əhatə edən qonşu ölkələrdə hava hücumundan müdafiə sistemlərindən istifadə edə, eyni zamanda, avropalıları digər hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər. Ukraynanın hüdudlarından kənarda yerləşən ABŞ Hərbi Hava Qüvvələri təhlükə qarşısında olduqları təqdirdə Avropa qoşunlarına dəstək verməyə hazır olmalıdır.

Bu arada ABŞ ordusunun sabiq baş komandanı Ben Hodces qeyd edib ki, Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiyanın heç bir addım atmasına mane olmayacaq.

“Washington Post” qəzetinin mənbəsi bildirib ki, Britaniya və Fransa ilə yanaşı, digər ölkələr də gərginliyin artması və məhdud hərbi resurslarla bağlı narahatlıqlarını əsas gətirərək, Ukraynaya qoşun göndərməkdən ehtiyat edirlər.

S.ELAY

XQ

 

Dünya