Kokaral bəndinin qorunub saxlanması və Sırdərya çayının deltasının bərpası üzrə layihələr başa çatdırılır.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bunu Qazaxıstanın Su Ehtiyatları Nazirliyinin rəsmi nümayəndəsi Moldir Abdualiyeva bildirib.
“Nazirlik ilin sonuna qədər Şimali və Böyük Aral dənizlərini ayıran Kokaral bəndinin yenidənqurma işlərini bitirməyi planlaşdırıb. Bu, Şimali Aralın qorunub saxlanmasına, suyun duzluluq səviyyəsini azaltmağa və regionda ekoloji vəziyyəti yaxşılaşdırmağa kömək edəcək”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, nazirlik Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Şimali Aralın mühafizəsi üzrə layihənin ikinci mərhələsini hazırlayıb. Bu mərhələyə 39 layihə daxildir.
“Martın sonuna qədər Şimali Aral dənizinə 1.6 milyard kubmetr su əlavə ediləcək”, - deyə o söyləyib.
Qeyd olunur ki, Şimali Aralın qorunub saxlanması üzrə layihənin birinci mərhələsinin nəticələrinə görə dəniz suyunun səviyyəsi 42 faiz qalxıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana