İstanbulda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin dünyada tanıtdığı Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Türk Dəniz və Qlobal Strategiyalar Mərkəzinin (DEGS) təşkilatçılığı ilə təşkil olunan konfransda əvvəlcə şəhidlərimizin ruhu yad edilib, Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Tədbirdə Xocalı soyqırımı barədə dolğun məlumat verilib, bu faciə dünyanın ən dəhşətli qətliamlarından biri kimi qiymətləndirilib. Soyqırımının baş verməsi, faciə qurbanlarının amansızlıqla qətlə yetirilməsi, itkin düşən yüzlərlə sakinin naməlum qalan aqibəti, Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətindəki siyasi fəaliyyətləri, Prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusu və xalqının şücaəti nəticəsində Qarabağ torpaqlarının işğaldan azad olunması, hazırda bu bölgələrdə dövlətimiz tərəfindən aparılan bərpa-yenidənqurma işləri, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması, eləcə də iki ölkə arasındakı qardaşlıq münasibətləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Sonra Qafqaz üzrə hərbi ekspert, ehtiyatda olan polkovnik, Qarabağ qazisi Akif Qasımov Xocalı soyqırımının törədilməsi və bu günə qədər törədilən bu kimi bəşəri cinayətlərin xronologiyasını özündə əks etdirən təqdimatla çıxış edib.
Tədbirdə iştirak edən Avropa İqtisadi Senatoru İraj Alipor Xocalı soyqırımını törədənləri şiddətlə qınayaraq, bununla əlaqədar müvafiq işlər aparacağını bildirib.
Konfrans çərçivəsində Xocalı soyqırımı və Xocalıya qayıdış barədə sənədli filmlər nümayiş etdirilib.
Qeyd edək ki, tədbirin media yayım dəstəkçisi Diaspor Fəaliyyətlərinə Jurnalistlərin Dəstəyi İctimai Birliyidir.