Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında Rusiya-Amerika münasibətlərinin bərpasına və Ukraynadakı münaqişəyə son qoyulmasına yönəlmiş danışıqlar başlayıb. Məlumatı “Anadolu” verib.
Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edir.
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff daxildir.
“Çərşənbə axşamı Ər-Riyadda onların amerikalı həmkarları ilə, ilk növbədə Rusiya-Amerika münasibətlərinin bütün spektrinin bərpasına həsr olunacaq görüş keçirəcəyi gözlənilir. O, həmçinin Ukrayna nizamlanması üzrə mümkün danışıqların hazırlanmasına və iki prezident arasında görüşün təşkilinə həsr olunacaq”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir gün əvvəl bildirib.
P.ƏMİRCANOV
XQ