Avropa İttifaqı liderləri ilə fövqəladə sammitdən sonra Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb və bunun ardınca Ukraynada atəşkəslə bağlı mühüm xəbərdarlıq edib. Aparılan danışıqlar barədə Fransa lideri X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Makron vurğulayıb ki, Ukraynada güclü və davamlı sülh yalnız Rusiyanın təcavüzünə son qoyulduqda və ukraynalılar üçün “güclü və etibarlı” təhlükəsizlik təminatları verildikdə mümkündür.
“Əks halda, bu atəşkəsin Minsk razılaşmaları kimi başa çatması riski var”, - o vurğulayıb.
Makron qeyd edib ki, təhlükəsizlik zəmanətlərini təmin etmək üçün avropalılar, amerikalılar və ukraynalıların birgə işi lazımdır, “bu, əsas məqamdır”.
O, həmçinin əlavə edib ki, avropalılar öz təhlükəsizliklərinə və müdafiələrinə daha çox sərmayə qoymalıdırlar.
"Bu məqsədlə avropalılar suverenlik, təhlükəsizlik və rəqabət qabiliyyətini təmin etmək üçün öz proqramlarının həyata keçirilməsini sürətləndirmək istəyirlər. İş həm Ukraynaya dəstək, həm də müdafiəmizin inkişafı və sərmayə qoyuluşu ilə bağlı Avropa Komissiyasının təklifləri əsasında davam etdiriləcək", - o qeyd edib.
S.ELAY
XQ