Qazaxıstanın baş naziri Oljas Bektenov və Gürcüstanın baş naziri İrakli Kobaxidze Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Məlumatı “Anadolu” verib.
Qazaxıstan Baş Naziri Aparatının mətbuat xidmətinin məlumatına görə, Bektenov Qazaxıstanın paytaxtı Astanaya rəsmi səfərə gəlmiş Gürcüstanın baş naziri Kobaxidze ilə görüşüb.
Görüş zamanı Bektenov və Kobaxidze ikitərəfli münasibətlərdə ticarət-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat və logistika, neft və neft məhsullarının daşınması, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və digər məsələləri müzakirə ediblər.
Baş nazir Bektenov qeyd edib ki, prezident Kasım-Jomart Tokayev Gürcüstanla ikitərəfli əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirir.
Onun sözlərinə görə, ikitərəfli əlaqələr bütün sahələrdə dinamik inkişaf edir. Bektenov bildirib ki, hökumətlərarası birgə komissiya qarşılıqlı ticarət dövriyyəsinin artırılması üzərində işləyir.
P.ƏMİRCANOV
XQ