Qazaxıstan parlamentinin iclasında Xalq Partiyasından olan deputatlar bu ölkənin ictimai təşkilatlarının xaricdən aldığı yardımlar barədə bütün hesabatların açıqlanmasını tələb ediblər.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, onlar ABŞ-ın USAID dövlət agentliyinin maliyyə vəsaitlərindən məqsəddən kənar edilməsi ilə bağlı məlumata belə reaksiya veriblər.
Deputat Məhərrəm Məhərrəmov USAID-in Qazaxıstanda hansı layihələrə pul ayırdığını araşdırmağa çağırıb. O, müvafiq deputat sorğusunu ədliyyə naziri Erlan Sarsembayevə və milli iqtisadiyyat naziri Serik Jumanqarinə ünvanlayıb.
Qazaxıstanlı millət vəkili qeyd edib: “Son günlərdə biz USAID-in fəaliyyəti ilə bağlı daha çox şok effekti yaradan detallar öyrəndik. Ağ evin rəsmi bəyanatında iddia olunur ki, USAID onilliklər ərzində zərərli layihələrin maliyyələşdirilməsi ilə məşğul olub”.
Onun sözlərinə görə, 2022-2025-ci illərdə USAID Mərkəzi Asiyada insan hüquqlarının və bərabərliyin gücləndirilməsinə iki milyon dollar ayırıb.
“Hər şey yaxşı olardı, amma proqramın icraçısı cinsi azlıqların hüquqları üzrə Avropa Beynəlxalq Assosiasiyasıdır. Bu, Qazaxıstanda ABŞ hökumətinin yardım proqramlarını həyata keçirən təşkilatdır. Hesab edirik ki, biz müəyyən etməliyik ki, hansı vəsaitlər, kimlər tərəfindən, hara və hansı məqsədlər üçün ayrılır, onları kim alır və ölkəmizdə nə kimi layihələr həyata keçirilir”, - deyə deputat qeyd edib.
Xalq Partiyasının üzvləri audit yoxlamasının aparılmasını və Qazaxıstanın ictimai xadimlərinin xaricdən maliyyələşməsi ilə bağlı bütün məlumatların ictimaiyyətə açıqlanmasını istəyiblər. Onlar, həmçinin Ədliyyə Nazirliyini uşaqları zərərli sponsorluq layihələrindən qorumaq üçün qanun layihəsi hazırlamağa çağırıblar.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana