Suriya: Sabitliyə çətin dönüş

post-img

Suriyada üsyançıların Bəşər Əsəd rejiminə qarşı mücadiləyə başlamasından 2 aydan bir qədər çox vaxt ötür. Hadisələr olduqca gözlənilməz şəkildə baş verdi. Üsyançılar dekabrın 8-də XX əsrin  ən qəddar diktatorlarından birini ölkədən qaçmağa vadar etdi. 

Əlamətdar haldır ki, dekabrın 8-i “Böyük Suriya inqilabının qələbəsi” şərəfinə milli bayram elan edilib. Xalq öz tarixi qələbəsinə haqlı olaraq sevinir. Eyni zamanda, Suriya vətəndaşlarını qarşıda böyük sınaqlar gözləyir. İki yol var: ya xaos, yaxud sabitlik! Suriyanın vətənpərvər qüv­vələri var gücləri ilə yeni Suriya qurmaqla məşğuldurlar. 

Son günlər Suriyadan gələn xəbərlər bu ölkənin gələcəyinə ümidləri artırır. Ölkədə dövlət və hökumət orqanlarının funksionallığı təmin olunur. Məlumdur ki, 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunub. 

Dünən qlobal mediada yayılan xəbərdə deyilir ki, Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan “Hayat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əhməd əş-Şaraa keçid dövründə Suriya prezidenti vəzifəsini icra edərək ölkəni beynəlxalq tədbirlərdə təmsil edəcək. Bu barədə Hərbi Əməliyyatlar Direktorluğunun (yeni hakimiyyətin rəhbər orqanı) bəyanatında qeyd olunub.

Suriyanın yeni hakimiyyəti 2012-ci il konstitusiyasının artıq qüvvədə olmadığını, parlamentin, ölkəni 60 ildən artıq idarə edən Ərəb Sosialist İntibah Partiyasının, eləcə də keçmiş prezident Bəşər Əsədin sədrlik etdiyi Milli Tərəqqi Cəbhəsinin bütün partiyalarının buraxıldığını elan edib.

Suriya hadisələri regionda siyasi və hərbi güclər nisbətinə böyük təsir göstərib. Bölgədə vəkalət müharibəsi aparan İran rejimi faktiki olaraq oyundan kənarda qalıb. Qərb dövlətləri isə bölgə ilə bağlı məkrli planlarından əl çəkmək istəmir, min bir hiylə və tələ qururlar. 

Hazırda Suriyanın yeni  hakimiyyətinin qarşısında duran əsas vəzifə ölkədə nəyin bahasına olursa-olsun, separatizm meyillərinin qarşısını almaq və sabitliyi təmin etməkdir. Ölkəni xaosdan sabitliyə doğru aparan yolda ən böyük problem Fərat çayının şimalındakı geniş əraziləri nəzarətdə saxlayan terrorçu PKK və onun uzantısı YPG terrorçuları yaradırlar. Onlar faktiki olaraq mərkəzi hökumətə tabe olmurlar. 

Suriyanın cənubundakı Qolan təpələri hələ 1974-cü ildən İsrailin işğalı altındadır. Ötən il dekabrın ortalarında İsrail buradakı işğal sahəsini daha da genişləndirib. Başqa bir başağrısı Rusiyanın Suriya ərazisində yerləşən 2 hərbi bazasıdır. Onların da taleyi məlum deyil. Təbii ki, Moskva Suriyadan çıxmamaq üçün çalışacaq.    

Belə bir gərgin və mürəkkəb durumda Türkiyə dövləti Suriya iqtidarı ilə birlikdə bu ölkədə milli birlik və həmrəyliyin bərqərar olunması üçün bütün zəruri addımları atır. Yeri gəlmişkən, bu günlərdə Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Suriyaya səfər edib, Dəməşqdə Suriya lideri Əhməd əş-Şaraa və xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb. Tərəflər öz öhdələrinə düşən vəzifələri müzakirə ediblər. 

Xatırladaq ki, bu, İ.Kalının Suriyada rejim çökəndən sonra artıq 2-ci səfəridir. O, 1-ci dəfə Dəməşqə Əsəd ölkəni qoyub qaçandan cəmi bir neçə gün sonra getmişdi və ölkə əhalisi tərəfindən böyük ehtiramla qarşılanmışdı. Həqiqətən, Anakaranın Suriyadakı diplomatik uğuru o dönəmdə çoxlarını şoka salmışdı.   

Lakin bir çox Qərb dövlətləri Suriyanın daxili işlərinə qarışmaq üçün bəhanə axtarırlar. Təsadüfi deyil ki, Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat üzrə sözçüsü Ömər Çelik bu günlərdə jurnalistlərə deyib ki, bəzi dövlətlər Suriyadakı proseslərə müdaxilə etmək istəyir. Bu, yolverilməzdir, bütün xalqlar kimi, Suriya vətəndaşlarının da azad yaşamaq hüququ var. 

Son ay yarımda iki ərəb ölkəsində, daha dəqiq desək, İordaniya və Birləşmiş Ərəb Əmirliklərində bir çox region ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Suriya üzrə müzakirələr keçirilib. Suriyanın dostları Qərbin bu ölkəyə qarşı qəbul etdiyi sanksiyaların ləğv edilməsini tələb ediblər. 

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bir neçə gün əvvəl Səudiyyə Ərəbistanında səfərdə olub və bu ölkənin rəhbərliyi ilə Suriya iqtisadiyyatının dirçəldilməsi ilə əlaqədar geniş müzakirələr aparıb. Ankara çalışır ki, Suriyaya göstərilən maliyyə yardımlarının həcmi artırılsın. 

Yaxın Şərqin gələcəyi xeyli dərəcədə Suriyada gedən proseslərdən asılıdır. Bu, ağır və çətin yoldur. Pozitiv, mütərəqqi qüvvələr şər və məkr üzərində üstünlük qazanarsa, bölgədə sülh, əmin-amanlıq bərpa oluna bilər. Təki belə olsun!   

Məsaim ABDULLAYEV 
XQ

 

Dünya