Höttingen Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu İraqdakı Zaqros dağlarının yaratdığı güclərin son 20 milyon il ərzində Yer səthinin əyilmə dərəcəsinə təsirini öyrənib. Alimlərin araşdırmaları göstərir ki, Yer səthinin dərinliklərində Neotetis okean plitəsi - vaxtilə Ərəbistan və Avrasiya qitələri arasında yerləşən okean dibi hazırda üfüqi istiqamətdə parçalanır və çat tədricən Türkiyənin cənub-şərqindən İranın şimal-qərbinə qədər uzanır. Araşdırmanın nəticələri “Solid Earth” jurnalında dərc olunub.
AZƏRTAC xəbər verir ki, tədqiqatçılar Ərəbistan yarımadasının Avrasiya ilə toqquşduğu nöqtədə Zaqros dağlarının yükü əsasında Yerin səthinin aşağıya doğru əyilməsini modelləşdiriblər. Əldə edilmiş çökəkliyin ölçüsünü Yer mantiyasına əsaslanan hesablanmış topoqrafiya ilə birləşdirən alimlər tədqiqat sahəsinin cənub-şərq seqmentində qeyri-adi dərin çökəkliyi reproduksiya ediblər. Tədqiqatçılar müəyyən ediblər ki, təkcə dağların çəkisi son 15 milyon il ərzində əmələ gələn və çöküntü ilə dolu olan 3-4 kilometrlik çökəkliyin dərinliyini izah edə bilməz.
Alimlər hesab edirlər ki, tədqiqat Yerin sərt xarici qabığının necə fəaliyyət göstərdiyini başa düşməyə kömək edir. Bu cür tədqiqatlar gələcəkdə çöküntü filiz yataqları və geotermal enerji kimi təbii ehtiyatların kəşfiyyatı üçün məlumat verməklə yanaşı, həmçinin zəlzələ risklərini daha dəqiq səciyyələndirən praktik tətbiqlərə gətirib çıxara bilər.