Almaniyada miqrantlar tərəfindən daha bir cinayət hadisəsi törədilib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətinin Şverte şəhərində suriyalı üç miqrant bıçaqla rumıniyalı gəncə hücum edərək ona ağır xəsarətlər yetiriblər.
Polisin dərhal keçirdiyi əməliyyat nəticəsində hər üç suriyalı saxlanılıb. Onların 26, 24 və 15 yaşlarında olduqları bildirilir. Rumıniyalı gəncə həmin üç nəfərdən hansının xəsarət yetirdiyi araşdırılır.
Ağır xəsarətlər alan rumıniyalı gənc helikopterlə Boxum şəhərindəki xəstəxanalardan birinə aparılıb.
Hücumun qisas zəminində törədildiyi ehtimal olunur.
Xatırladaq ki, yanvarın 22-də Bavariya əyalətinin Aşaffenburq qəsəbəndə 28 yaşlı əfqan miqrant aralarında azyaşlıların da olduğu bir qrup şəxsə bıçaqla hücum edib. Hadisə nəticəsində iki nəfər, o cümlədən iki yaşlı uşaq həlak olub. Hücum nəticəsində üç nəfər də xəsarət alıb. Bu hadisədən sonra Almaniyanın rəsmiləri və aparıcı siyasi partiyaların rəhbərləri ölkədə qanunsuz miqrasiyaya qarşı təcili və sərt tədbirlərin görülməsini tələb ediblər.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin