Rusiya Dövlət Dumasının deputatı və Rusiyanın Xalq artisti Nikolay Burlyayev şair Mixail Lermontovun ölümünün təfərrüatlarının araşdırılması ilə bağlı İstintaq Komitəsinə müraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir.
“Rusiya Federasiyası İstintaq Komitəsinin ixtiyarında olan mövcud texnologiyalardan istifadə edilməklə, müasir, ədalətli, vicdanlı araşdırma aparılmasını xahiş edirəm”, – deyə məlumatda qeyd olunur.
Burlyayevin bildirdiyinə görə, dueldən dərhal sonra qeyri-qanuni və qeyri-dəqiq istintaq aparılıb. Bu, kriminalistika və səhiyyə sahəsi üzrə çalışan mütəxəssislər, həmçinin Lermontovun yaradıcılığını öyrənən araşdırmaçılar tərəfindən də təsdiq olunub. Sənədlərdə xüsusi qeyd olunub ki, güllə şairin bədənindən “qeyri-adi trayektoriya ilə”, aşağıdan yuxarıya və demək olar ki, 40 dərəcə bucaq altında keçib.
Dövlət Dumasının deputatı bildirib ki, müəyyən olunmuş bütün faktlara əsaslanaraq, hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün hərtərəfli araşdırma aparılmalıdır.
Qeyd edək ki, Lermontov 26 yaşında mayor Nikolay Martınovla aralarında baş vermiş duel zamanı həlak olub.