Türkiyə Prezidentinin illik fəaliyyətini əks etdirən “Eşq ilə qaçan yorulmaz” kitabı nəşr olunub

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2024-cü ildəki ölkədaxili və xarici olmaqla bütün proqramları, təmasları və fəaliyyətlərinin yer aldığı “Eşq ilə qaçan yorulmaz” (Aşkınan Koşan Yorulmaz) kitabı nəşr edilib. Kitab Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən hazırlanıb.

AZƏRTAC xəbər verir ki, departamentin rəhbəri Fahrettin Altun kitabın təqdimatında Türkiyə əsrinin möhkəm təməllərini atan və millətin arzularını həqiqətə çevirən Prezident Ərdoğanın 2024-cü ildə millətə xidmət yolunda atdığı hər addımının bu kitabda toplandığını bildirib.

Altun kitabın lider diplomatiyasının zirvə nümunələrindən biri olduğunu, xidmət siyasətinin ən güclü layihələrini, hər gününü Türkiyə əsri baxışı ilə toxuyan, “Daha ədalətli bir dünya” üçün hər platformada həqiqəti hayqırmaqdan çəkinməyən bir liderin mübarizəsini ortaya qoyduğunu qeyd edib.

O, təqdimatda “Millətin Adamı” adlandırdığı Prezident Ərdoğanın rəhbərliyi altında var gücü ilə çalışmağa davam edəcəklərini vurğulayıb.

Qeyd edək ki, 2020-2023-cü illər üçün hazırlanan kitab seriyasının davamı olaraq ortaya çıxan bu əsər, Prezident Ərdoğanın “Eşq ilə qaçan yorulmaz” şüarı ilə apardığı mübarizəni gözlər önünə sərir. Kitabda Ərdoğanın 2024-cü ildə həyata keçirdiyi 18 ölkə səfəri, 16 zirvəyə qatılması, 141 yerli və xarici qonağı qəbul etməsi, 63 xarici görüşü, 98 telefon diplomatiyası və 38 səfirin etimadnaməsini qəbul etməsi yer alır.

Bundan əlavə, kitabda Ərdoğanın ölkə daxilindəki 72 səfəri, 45 açılış və təqdimat mərasimi ilə 13 mükafatlandırma mərasimində iştirakı da xronoloji qaydada fotoşəkillərlə təqdim edilir.

Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən yerli və milli layihələr və xidmətlərin də nümayiş olunduğu kitab, eyni zamanda, bir dövlət arxivi xüsusiyyəti daşıyır.

Dünya