Çinin xarici ticarəti ötən il 2023-cü illə müqayisədə 5 faiz artaraq 43,85 trilyon yuana (6,1 trilyon ABŞ dolları) çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Baş Gömrük Administrasiyası açıqlama yayıb.
Hesabat dövründə ixrac 7,1 faiz, idxal isə 2,3 faiz çoxalaraq müvafiq olaraq 3,54 və 2,559 trilyon dollar təşkil edib. Xarici ticarətdə müsbət saldo bir trilyon dollara yaxınlaşır. Bu, həm də dünyada ilk dəfə bir ölkənin xarici ticarətində belə böyük müsbət saldonun yaranmasıdır.
“Çin hazırda 150 ölkənin əsas ticarət tərəfdaşıdır. Çinin xarici ticarətdəki dostlar dairəsi getdikcə çoxalır”, - deyən administrasiyanın rəsmisi Van Lincun əlavə edib ki, Çinin xarici ticarəti dünyanın böyük iqtisadiyyatları olan ölkələrlə müqayisədə daha çox artıb.
Qeyd olunub ki, Çinin yüksək texnoloji avadanlıq, inteqral sxemlər, avtomobil və məişət texnikası ixracı daha da çoxalıb. Bundan başqa, transsərhəd və elektron ticarətdə ciddi artım var.
Çin iqtisadiyyatının ən böyük uğurlarından biri avtomobil ixracında qlobal liderliyə yüksəlmək, digəri isə dünyadakı günəş panellərinin demək olar ki, hamısının Çin şirkətləri tərəfindən istehsal olunmasıdır.
Ekspertlər hesab edir ki, Çinin ixracı artsa da, daxili iqtisadiyyatda çağırışlar hələ qalır. Xarici ticarət profisiti müəssisələrə və istehlakçılara ciddi ziyan vuran daşınmaz əmlak ziyanını qismən kompensasiya edib. Belə ki, daşınmaz əmlak bazarının zəifləməsi milyonlarla inşaatçının işini itirməsinə, Çinin orta təbəqəsinin isə əmanətlərinin çoxunun azalmasına səbəb olub.
Qeyd edək ki, ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadiyyata təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin