Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacaqmı?

post-img

Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqından çıxmaq məsələsini nəzərdən keçirmir.

AZƏRTAC xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Qevork Papoyan bunu mətbuat konfransında deyib. “Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqının üzvüdür və qurumu tərk etmək məsələsi İrəvanın gündəmində deyil”, - deyə Qevork Papoyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi gündəmdədir. “Bizim vəzifəmiz bu gündəliyi müzakirə etmək yox, iqtisadiyyatımızın rəqabət qabiliyyətini artırmaqdır”, - deyə nazir əlavə edib.

Yanvarın 9-da Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) daxil olmaq haqqında qanun layihəsini təsdiqləyib. Baş nazir Nikol Paşinyan ölkənin Aİ-yə daxil olması məsələsinin referendum yolu ilə qəbul edilməli olduğunu vurğulayıb.

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun fikrincə, Ermənistanda Avropa İttifaqına üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı sayıla bilər.

Dünya