Suriyanın müdafiə naziri silahlı qrupların rəhbərləri ilə görüşüb

post-img

Baas rejiminin devrilməsindən sonra formalaşan yeni Suriya administrasiyasının müdafiə naziri Murhaf Əbu Kəsra Ərəb Respublikasındakı silahlı qrupların komandirləri ilə görüşüb. Məlumatı “Anadolu” yayıb. 

Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, görüşlər silahlı qruplaşmaların Suriya Müdafiə Nazirliyinə inteqrasiyası prosesinə başlamaq üçün təşkil edilib.

Əbu Kəsra ABŞ-ın dəstəklədiyi Azad Suriya Ordusunun komandanı Salim Turki Anteri ilə də görüşüb.

Suriyanın yeni rəhbərliyinin lideri Əhməd Əş-Şara 2024-cü il dekabrın 29-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi açıqlamada “Həyat Təhrir əl-Şam” qruplaşmasının mütləq ləğv ediləcəyini bildirib.

“Ölkə inqilabçıların və qrupların məntiqi ilə idarə oluna bilməz. Düşünürəm ki, “Həyat Təhrir əl-Şam” konfransda ləğv olunacaq. Bu barədə rəsmi məlumat veriləcək”, - o qeyd edib.

Əş-Şara Suriya Müxalifət və İnqilabçı Qüvvələrinin Milli Koalisiyasının (SMDC) dağılmasını da şərh edib: “Bu, onların evlərində oturacaqları demək deyil, yeni Suriya dövlətinin qurulmasında iştirak edəcəkləri deməkdir”.

Suriyanın yeni administrasiyasının lideri bildirib ki, PKK/YPG ölkəni öz qalasına çevirə bilməyəcək. “Kürdlər Suriyanın ayrılmaz hissəsidir və ölkə bölünməyəcək”, - o vurğulayıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya