Ukrayna bu il müharibəni bitirmək üçün əlindən gələni edir. Müharibənin başa çatması Rusiyanın deyil, Ukrayna və onun tərəfdaşlarının ümumi məqsədidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski “Ramştayn” formatında keçirilən iclasda çıxışı zamanı bildirib.
“Mən əlimdən gələni edirəm ki, bu il müharibə Ukrayna və bütün Avropa üçün ləyaqətlə başa çatsın. Bunun üçün sizin dəstəyinizə arxalanacağımı da bilirəm. Biz hamımız yadda saxlamalıyıq ki, müharibəyə son qoymaq bizim ümumi məqsədimizdir – Rusiyanın deyil, bizim məqsədimizdir, bunu ukraynalılar, avropalılar, amerikalılar və bir çox qlobal tərəfdaşlarımız istəyir”, - deyə Zelenski bildirib.
O, həmçinin qeyd edib ki, Yaponiya, Səudiyyə Ərəbistanı və Argentina kimi ölkələr də Ukraynaya sülh arzulayır.
Bundan əvvəl cümə axşamı, yanvarın 9-da “Ramştayn” formatında görüş keçirilib və bu görüşə sonuncu dəfə ABŞ-ın səlahiyyət müddəti başa çatan müdafiə naziri Lloyd Ostinin də qatıldığı bildirilir. Bu iclasda Amerika Birləşmiş Ştatları Ukraynaya yeni hərbi yardım paketinin təqdim edilməsini açıqlayıb. Onun məbləği 500 milyon dollar təşkil edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev