Rusiya qazının Ukrayna vasitəsilə Avropa İttifaqına tədarükü ilə bağlı 5 il müddətində qüvvədə olan müqavilə "Qazprom"un bir sıra avropalı alıcılarla uzunmüddətli müqavilələrinin davam etməsinə baxmayaraq, başa çatıb. Təchizatların uzadılması gözləntiləri özünü doğrultmadı - "Qazprom" xəbər verir ki, Moskva vaxtı ilə saat 8:00-da (Bakı vaxtı ilə 9:00) yanvarın 1-də Avropada yeni qaz günü başlayanda Ukraynanın "Naftoqaz" şirkəti ilə müqavilənin müddəti başa çatıb və tranzit dayandırılıb.
“Ukrayna tərəfinin bu sazişləri yeniləməkdən dəfələrlə və açıq şəkildə imtina etməsi səbəbindən “Qazprom” 2025-ci il yanvarın 1-dən Ukrayna ərazisindən tranzit üçün qaz tədarükü üçün texniki və hüquqi imkandan məhrum edilib. Moskva vaxtı ilə saat 8:00-dan etibarən Rusiya qazının Ukrayna ərazisindən nəqli üçün tədarükü həyata keçirilmir”, - məlumatda deyilir.
Ukrayna tərəfi tranzitin dayandırılmasını təsdiqləyib. Ölkənin Energetika Nazirliyi bunu tarixi hadisə kimi qiymətləndirib və belə bir addımın Ukraynanın milli təhlükəsizliyinin maraqları naminə atıldığını qeyd edib.
Avropa Komissiyasının nümayəndəsi bildirib ki, Avropanın qaz infrastrukturu Mərkəzi və Şərqi Avropa ölkələrini “qeyri-rus mənşəli qazla təmin etmək üçün kifayət qədər çevikdir”. Tranzit boru kəmərləri sisteminin operatoru Eustream bildirib ki, Rusiya qazının Avropaya tədarükü üçün istifadə edilən boru kəməri ilə Ukraynadan təbii qazın Slovakiyaya tranziti 1 yanvar çərşənbə günü dayandırılıb.
Avstriyanın energetika naziri Leonore Gevessler bildirib ki, ölkə Rusiya qazını başqa mənbələrdən əvəz etməyə başlayıb - Almaniya və İtaliyadan gələn tədarüklər hesabına bəzi həcmlər əvvəllər anbarlarda yığılmış qazdan doldurulur. “Biz ev tapşırığını etdik və bu ssenariyə yaxşı hazırlaşdıq. Avstriya artıq Rusiyadan gələn qazdan asılı deyil - və bu yaxşıdır”, - deyə o bildirib (Reuters).
S.ELAY
XQ