NASA-nın “Ingenuity” qurğusu 3 il Mars üzərində uçub. Beləliklə, alimlər Marsda uçuşların mümkünlüyünü sübut ediblər.
Lakin “Ingenuity”nin bu ilin yanvarında uğursuz enişdən sonra qanadları zədələnib. O, bir daha uça bilməyəcək. Hazırda NASA daha böyük və daha güclü uçuş aparatı üzərində işləyir. “Mars Chopper” adlı qurğu Marsın tədqiqini tamamilə yeni səviyyəyə qaldıracaq.
NASA alimləri bildirirlər ki, uçan qurğu “Ingenuity”dən daha çox elmi cihazlarla təchiz olunacaq. Bu, “Qırmızı planet”in həm atmosferini, həm də səthini daha yaxşı öyrənməyə imkan verəcək, yerdən idarə olunmadan avtonom şəkildə enə biləcək.
Yeni qurğu Marsın səthinin yüksək keyfiyyətli şəkillərini çəkə biləcək ki, bu da planetin geoloji xüsusiyyətlərini daha yaxşı başa düşməyə kömək edəcək. Marsaxodlardan fərqli olaraq, o, Marsın səthinin müxtəlif sahələrini daha tez tədqiq edə və mürəkkəb tədqiqatlar apara biləcək. “Mars Chopper” gələcəkdə marsaxodlar üçün bələdçi rolunu oynayacaq və onlara hərəkət etmək üçün ən təhlükəsiz yerləri göstərəcək. Ola bilsin ki, helikopter astronavtlar üçün ən yaxşı eniş yerlərini müəyyənləşdirməyə də kömək edəcək.
Marsın atmosferi çox nazikdir və aşağı sıxlığa malikdir. Bu da “Qırmızı planet”də uçmağı çox çətinləşdirir. Lakin “Ingenuity” bunun mümkün olduğunu sübut etdi. İndi NASA alimləri “Mars Chopper” uçuşlarının daha da səmərəli olması üçün texnoloji yeniliklərdən istifadə edir. NASA “Mars Chopper” qurğusunun nə vaxt hazır olacağının tarixini açıqlamayıb.
PÜNHAN
XQ