ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın baş nazirinin müavini və maliyyə naziri Kristia Frilandın istefasını şərh edərkən, Kanadanı yenə ştat, Baş nazir Castin Trüdonu isə qubernator adlandırıb.
AZƏRTAC xəbər verir ki, Donald Tramp sosial media hesabında “böyük Kanada ştatının qubernatoru” Castin Trüdonun maliyyə nazirini işdən çıxarmasına məəttəl qaldığını yazıb.
Bir müddət öncə, Kristia Friland Baş nazirin onu hökumətdə başqa vəzifəyə keçirərək maliyyə naziri portfelindən məhrum etmək qərarına gəldiyi üçün Nazirlər Kabinetini tərk edəcəyini demişdi. O, həmçinin ötən həftə ABŞ-ın gələcək prezidentinin Kanadanı ştat adlandırmasına reaksiya verərək ölkəsinin milli maraqlarını müdafiə etməyə hər zaman hazır olduğunu vurğulamışdı.
Kanadanın yeni maliyyə naziri Dominik Leblan isə rəsmi olaraq vəzifəyə keçdikdən sonra bildirib ki, Kristia Frilandın istefası Ottava ilə Vaşinqtonun münasibətlərinə təsir etməməlidir.
Donald Tramp bundan əvvəl də iki ölkə arasında sərt tariflərin mümkün tətbiqi ilə bağlı fikir ayrılıqları fonunda Castin Trüdonu “böyük Kanada ştatının” qubernatoru adlandırmışdı. O, NBC telekanalına müsahibəsində Vaşinqtonun Kanada və Meksikaya əhəmiyyətli subsidiyalar verdiyi üçün onların ABŞ-ın yeni ştatları ola biləcəyini demişdi.
“Fox News” telekanalının məlumatına görə, noyabrın sonunda Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında danışıqlar zamanı Castin Trüdoya Kanada mallarına idxal rüsumları tətbiq edəcəyini bildirib. O, həmçinin Baş nazirin rüsumların ölkə iqtisadiyyatını məhv edəcəyi barədə iradına cavab olaraq Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyini deyib. Sonradan Kanadanın ictimai təhlükəsizlik naziri Dominik Leblan jurnalistləri bunun əslində təhdid deyil, Ağ evin yeni seçilmiş rəhbərinin zarafatı olduğuna inandırmağa çalışıb.