Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı mövcud vəziyyəti şərh edərək bildirb ki, müxalif silahlı qrupların Dəməşqə uğurlu hücumu davam edir. Məlumatı “Anadolu” verib.
Dövlət başçısı müxalifətin hücumunun qonşu ölkədə kataklizmlərə səbəb olmayacağına ümid etdiyini bildirib: “İdlib, Həma, Homs ... və hədəf, əlbəttə ki, Dəməşqdir. Suriyada müxalifətin yürüşü davam edir. Baş verənləri kəşfiyyat və media vasitəsilə izləyirik. Ümid edirik ki, bu, sarsıntılar və fəlakətlər olmadan baş verəcək”.
O, Ankaranın Suriyada nizamlanma perspektivlərini birgə müzakirə etmək üçün Bəşər Əsədə müraciət etdiyini, lakin müsbət cavab almadığını xatırladıb: “Biz Suriyanın gələcəyini birlikdə müəyyən etmək üçün Əsədə müraciət etdik. Təəssüf ki, bu çağırışa müsbət cavab verilmədi”.
“Hazırda Dəməşqə doğru irəliləyiş var. Bölgədə bu cür qeyri-sabit yürüşlər bizim can atdığımız şey deyil, ürəyimiz istəmir. Təəssüf ki, bölgə problem içindədir”, - o qeyd edib.
Ərdoğan Livandakı vəziyyətdən danışaraq, bu ölkənin son dərəcə çətin vəziyyətə düşdüyünü qeyd edib: “Ətrafdakı hər şey xarabadadır. Həm Colanda, həm də Beyrutda hər şey yerlə-yeksan oldu. Yardım üçün müraciətlər daxil olur. Dünyanın qalan hissəsi sussa da, biz öz köməyimizi göstərməyə davam edəcəyik”.
Türkiyə Prezidenti bildirib ki, o, danışıqlar aparmaq üçün Livanın baş nazirindən bir gün əvvəl alınan təklifə cavab vermək niyyətindədir. Dövlət başçısı qeyd edib ki, Livana yardım göstərmək üçün Misirin köməyinə ciddi ehtiyac var.
Prezident Ərdoğan ötən gün BMT-nin baş katibi Antonio Quterreşlə baş tutan telefon danışığına da münasibət bildirib. Onun sözlərinə görə, ümumdünya təşkilatının rəhbəri baş verənlərlə bağlı Ankaranı əlaqə saxlamağa dəvət edərək, regiondakı vəziyyətin həlli üçün mümkün olan hər şeyi edir. “Biz bu danışıqları davam etdirdikcə, bölgədə atəşkəsi daimi olaraq necə qoruya biləcəyimizi görməyə çalışacağıq. Şübhəsiz ki, BMT bu məsələdə yeganə çıxış yoludur”.
P.ƏMİRCANOV
XQ