Yeni Zelandiyada 40 mindən çox insan yerli Maori xalqının hüquqlarını məhdudlaşdıran qanun layihəsinə etiraz əlaməti olaraq nümayişə çıxıb.
AZƏRTAC Qərb mediasına istinadla xəbər verir ki, paytaxt Vellinqtonun küçələrində yürüş edən nümayişçilər əllərində Yeni Zelandiya bayrağı tutaraq milli mahnılar oxuyublar.
Parlamentə təqdim edilən qanun layihəsi 1840-cı ildə Böyük Britaniya nümayəndələri və Maori qəbiləsinin başçıları tərəfindən imzalanmış Vaitangi müqaviləsinə düzəlişləri nəzərdə tutur. Həmin müqaviləyə əsasən, Yeni Zelandiya Britaniyanın idarəçiliyinə keçib və bunun müqabilində maorilər öz əmlak və qeyri-əmlak hüquqlarını qoruyub saxlayıblar.
Qanun layihəsini tənqid edənlər onun təsdiqinin ölkədə iğtişaşlara səbəb olacağından və maorilərin hüquqlarını məhdudlaşdıra biləcəyindən ehtiyatlanırlar. Bununla belə, layihənin qəbul edilmə ehtimalının az olduğu bildirilir.