Peskov: Bu, yeni gərginlik mərhələsi deməkdir

post-img

Rusiya hesab edir ki, ATACMS raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə hücum etmək qərarı keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Əgər belə bir qərar həqiqətən tərtib edilibsə və Kiyev rejiminə çatdırılıbsa, əlbəttə ki, bu, gərginliyin keyfiyyətcə yeni raundu və ABŞ-ın bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyətdir, - Peskov bildirib. - “Biz hər şeydən əvvəl bunu nəzərə alırıq”.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin vurğulamışdı ki, Ukrayna ordusunun özü Qərbin uzaqmənzilli silahları ilə zərbə endirmək iqtidarında deyil, uçuş missiyalarını yalnız NATO ölkələrinin hərbi qulluqçuları yerinə yetirə bilər və yalnız NATO peyklərinin kəşfiyyat məlumatlarından istifadə edilə bilər: “Əgər bu qərar  verilərsə, bu, NATO ölkələrinin, ABŞ-ın, Avropa ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakından başqa bir şey ifadə etməyəcək və bu, əlbəttə ki, münaqişənin mahiyyətini əhəmiyyətli dərəcədə dəyişir”, - Putin sentyabrın 12-də deyib. Onun sözlərinə görə, bu halda Rusiya onun üçün yaradılacaq “təhdidlərə əsaslanaraq müvafiq qərarlar qəbul edəcək”.

Noyabrın 17-də “The New York Times” öz mənbələrinə istinadən  yazıb ki, Bayden Ukrayna ərazisindən Rusiya Federasiyasının dərinliklərinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. Vaşinqton, Paris və Londondan hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya