Səudiyyə Ərəbistanı Türkiyə ilə əməkdaşlığı genişləndirir

post-img

Səudiyyə Ərəbistanı Türkiyə ilə müxtəlif sahələrdə sıx əməkdaşlığa can atır və bizim iqtisadiyyat, enerji, siyasət və müdafiə sahələrində çoxlu ortaq maraqlarımız var. Bunu Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Anadolu”nun müxbiri ilə söhbətində deyib.

Məlumatı “Anadolu” verib.  

Nazir qeyd edib ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişlənməsi əsasən son dövrlərdə yaranıb: “Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında əlaqələr çox gözəldir. Onlar hərtərəfli və son dərəcə dərindir”.

Adel əl-Cubeyr Türkiyə və Səudiyyə Ərəbistanının regional hadisələrlə bağlı məsləhətləşmələr aparmasına da diqqət çəkib: “Biz bir-birimizlə təkcə regional məsələlərdə deyil, iqlim dəyişikliyi, okeanlar və səhralaşma kimi qlobal səviyyədə üzləşdiyimiz məsələlərlə bağlı da çox yaxından məsləhətləşirik”.

Əsasən texnologiya, müdafiə, bərpa olunan enerji, neft-kimya, maliyyə və turizm kimi sahələrdə əməkdaşlıq edən Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ticarət son iki ildə 50 faiz artaraq 2023-cü ildə 6,8 milyard dollara çatıb.

Bir müddət əvvəl Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz demişdi ki, hər iki ölkə ticarət dövriyyəsini əvvəlcə 10 milyard dollara, daha sonra ortamüddətli perspektivdə 30 milyard dollara çatdırmağa çalışır.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya