BILD açıq məlumatların təhlili üzrə ekspert Julian Röpkenin iddiasına görə, Rusiya silahlı qüvvələri Ukrayna qoşunlarını sıxışdırıb çıxarmaq üçün artıq üçüncü gündür ki, Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatı keçirir, lakin bu hücum Moskva üçün fəlakətə çevrilib.
Onun sözlərinə görə, Rusiya yalnız iki kiçik yaşayış məntəqəsini - Poqrebki və Darinonu geri ala bildiyi halda böyük itkilərlə üzləşib. “Bu əks-hücum nəticəsində Rusiya əsasən müasir BTR-82A olmaqla 28 zirehli texnikasını itirib, 200-dən çox əsgəri ölüb və yaralanıb”, - Röpke yazır.
Ukrayna qoşunları avqustun 6-da Kursk vilayətinə hücuma başlayıb və baş komandan Aleksandr Sirskinin sözlərinə görə, döyüşlərin ilk həftəsində onlar təxminən 1300 kvadratmetr ərazini nəzarətə götürərək 100-ə yaxın yaşayış məntəqəsini ələ keçiriblər. Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Ukrayna qoşunlarının işğal etdiyi ərazi bir qədər kiçik idi - təxminən 1160 kvadrat kilometr.
Sentyabr və oktyabr aylarında rus qoşunları əks hücuma cəhd edibdilər. Oktyabrın ortalarına qədər, DeepState analitik layihəsinə görə, təxminən 615 kvadrat kilometr Ukraynanın nəzarəti altında, daha 309 kvadrat kilometr isə "boz zona" adlanan ərazidə qalıb. Bunun fonunda Ukrayna prezidenti Vladimir Zelenski Kursk vilayətində “bufer zona”nın yaradılmasının Ukrayna işğalının strateji məqsədlərindən biri olduğunu və Ukrayna qoşunlarının öz mövqelərini saxlamaqda davam etdiyini bildirib.
Noyabrın 10-da “The New York Times” ABŞ və Ukrayna rəsmiləri arasındakı mənbələrə istinadən yazıb ki, Rusiya Müdafiə Nazirliyi Kursk bölgəsini azad etmək üçün 50 min nəfərlik zərbə qüvvəsi formalaşdırıb. İddia olunur ki, buraya Rusiya hərbçilərindən əlavə KXDR-dən olan hərbçilər də daxildir. Amerika rəsmiləri qeyd ediblər ki, Rusiya ordusu artıq əks-hücum əməliyyatına başlayıb, lakin indiyədək bu, genişmiqyaslı olmayıb. NYT-nin həmsöhbətlərindən biri vurğulayıb ki, Ukrayna qüvvələri Kursk bölgəsində güclü müdafiəni saxlayır və çox güman ki, bu ərazini bir müddət saxlaya biləcək.
S.ELAY
XQ