Bayden Trampın andiçmə mərasimindən əvvəl Kiyevə 6 milyard dollar köçürəcək

post-img

ABŞ-nin hazırkı prezidenti, demokrat Co Baydenin administrasiyası respublikaçı Donald Tramp Ağ Evə qayıtmazdan əvvəl Ukraynaya dəyəri 6 milyard dollardan çox olan yekun yardım paketi göndərməyi planlaşdırır. Bu barədə "Politico" yazır.

Administrasiyadan iki anonim mənbənin nəşrə verdiyi məlumata görə, bu, demokratların Ukrayna üçün yeganə variantıdır.

"Politico" qeyd edir ki, bu məqsədlər üçün təsdiqlənmiş 6 milyard dollardan çox vəsait hələ də xərclənməyib. Bununla belə, prezidentin sərəncamının imzalanması kifayət deyil: yardım paketi təsdiq edildikdən sonra, onu Ukraynaya çatdırmaq üçün adətən aylar çəkir. Hərbi anbarlardan Pentaqon yalnız fiziki olaraq mövcud olanları ötürə bilər. Büdcəyə bu ehtiyatların toplanması üçün sifarişlər daxildir, lakin bu sifarişlər yerinə yetirilənə qədər yeni çatdırılmalar gecikə bilər.

Yeni prezidentin tədarüklər hələ baş tutmadığı təqdirdə dayandırmaq hüququ var və Donald Tramp dəfələrlə Ukraynaya hərbi dəstəyə şübhə ilə yanaşdığını bildirib.

Müdafiə Nazirliyinin sözçüsü polkovnik-leytenant Charlie Dietz "Politico"ya bildirib ki, Pentaqon Ukraynaya təsdiq edilmiş bütün yardımı davam etdirməyə hazırdır və yaxın həftələrdə yeni yardım paketlərinin elan olunmasını gözləyir.

Bundan əvvəl cənab Trampın ABŞ prezident seçkilərində qələbəsi fonunda Avropa İttifaqı ölkələrinin Ukraynaya dəstəyini davam etdirmək niyyəti barədə məlumat verilmişdi.

S.ELAY

XQ

Dünya